Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  Şamaxı Filialı Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Vətənpərvərlik Departamenti və Kitab və qiraət klubunun birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş “Tariximizin göz yaşı” mövzusunda tədbir keçirildi.

Tədbirdən öncə filialın rəhbərliyi və kollektivi Şamaxı rayonunda yerləşən Soyqırımı abidəsi ziyarət edərək önünə tər çiçəklər düzüblər.

İlk olaraq faciə qurbanları 1 dəqiqəlik sükutla yad olundu ardınca 31 mart soyqırımına həsr olunmuş videoçarx nümayiş olundu. Tədbiri giriş sözü ilə filialın direktoru dosent Tünzalə Yusifova açaraq qeyd etdi ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər. Təkcə ötən əsrdə Azərbaycan xalqı dörd dəfə erməni millətçiləri tərəfindən hüquqlarının pozulması, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalmışdır. Ulu öndər Heydər Əliyev bu məsələyə prinsipial yanaşma nümayiş etdirmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə yürütdüyü soyqırımı və deportasiya siyasətinin mahiyyətini  bütünlüklə ifşa etmişdir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir. Bu gün isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Dövlət başçısı cənab İlham Əliyevin  30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir.

Ardınca filialın tələbələr­i Nuranə Mirzəyevanın “Qardaş qayğısı”, Hatəm Hatəmovun “Mədəniyyətə qarşı törədilmiş soyqırımı” mövzusunda çıxışları və Elnur Dəmirovun təqdimatında “Dünyanı qoruyaq soyqırımlardan” şeiri , Ayturan Məmmədlinin təqdimatında “Şəhidlər” şeiri dinlənildi.

Sonda Tədris elmi işlər üzrə direktor müavini f.ü.f.d Şasəddin Mikayılov öz çıxışında bir sıra tarixi faktlara istinad edərək erməni daşnak partiyasının havadarlığı ilə ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımı siyasətindən ətraflı bəhs etdi.

 

    Paylaşın: