HƏMKARLAR İTTİFAQI KOMİTƏSİ

 

        Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Həmkarlar İttifaqı Komitəsi filialın fəaliyyətə başladığı ildə, yəni 1991-ci ildə yaradılmışdır. Onun ilk sədri peşəkar idmançı və pedaqoq olan, hazırda Şamaxı rayon təhsil şöbəsində çalışan, Vaqif Qasımov olmuşdur. Daha sonra filialın baş müəllimi Dürdanə Rəhimova 2003-cü ilə qədər bu vəzifəni icra etmişdir (Hazırda Şamaxı RİH-də şöbə müdiri vəzifəsində çalışır).

         ADPU-nun Şamaxı filialı Həmkarlar İttifaqı Komitəsi filialda çalışan əməkdaşların əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədilə könüllülük əsasında yaradılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş ADPU HİK-nin xidmətinə verilmiş  qeyri-siyasi ictimai təşkilatdır.

         Filialın Həmkarlar İttifaqı Komitəsi öz fəaliyyətini Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nizamnaməsi, Əmək Məcəlləsi və direktorluqla   bağlanmış kollektiv müqavilə əsasında təşkil edir.

         Təşkilatın xidmətində bir fakültə və filialda fəaliyyət göstərən 100-ə yaxın professor-müəllim heyəti, laborant və texniki içşi birləşir. Komitə, əsasən ittifaq üzvlərinin sosial problemlərinin, hüquqlarının müdafiəsi ilə yaxından məşğul olur, onların müalicə və istirahətlərinin daha yaxşı təşkilinə kömək edir.

         2008-ci ilin mart ayına kimi filial Həmkarlar İttifaqı təşkilatı ATİAHİ-nin Şamaxı rayon komitəsinin xidmətində olmuş,həmin vaxtdan  AMİ HİK-nin xidmətinə keçmişdir.

         26 noyabr 2015- ci il tarixdən Prezidentin məlum sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu ADPU-ya birləşdirildiyi üçün filial HİK  universitetin HİK-nin xidmətinə keçmişdir.

        2008-ci ildə Milli Məclis Həmkarlar İttifaqı haqqında qərar qəbul edərək Əmək Məcəlləsində dəyişikliklər etmişdir. Bu öz əksini Əmək Məcəlləsinin  80-ci maddəsində tapmışdır.

  1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən  həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilə bilər.
  2.  Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

         Komitənin rəhbər orqanları 2 ildə bir dəfə keçirilən hesabat seçki yığıncağında seçilir. Hesabat yığıncaqları arası dövrdə komitəyə yeni seçilmiş sədr   və idarə heyəti rəhbərlik edir. Komitənin nəzdində müxtəlif komissiyalar fəaliyyət göstərir. Komitənin sədri 2003-cü ildən indiyə kimi baş müəllim Çingiz Dadaşovdur.  Həmin vaxtdan kollektiv etimad göstərərək onu hesabat seçki yığıncaqlarında filial HİK-nin sədri seçmişdir. Çingiz müəllim hazırda filialın “Riyaziyyat və kompüter elmləri” kafedrasının baş  müəllimidir.