Oktyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Heydər Əliyev ili çərçivəsində Dövlət müstəqilliyinin bərpası gününə həsr olunmuş seminar keçirildi. Filialın Gənc Alimlər və Tədqiqatçılar Şurasının (GATŞ) və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən maarifləndirici seminar “Müstəqil Azərbaycan vətəndaşıyam!” mövzusuna həsr olundu.

Seminar Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Sosial və humanitar məsələlər üzrə direktor müavini, GATŞ-ın sədri Şəlalə Seyidova 18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi.

1991-ci il oktyabrın 18-də qəbul edilən Azərbaycanın Müstəqillik Aktı dövlətin bütün dünyada tanınmasında həlledici rol oynadı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra isə Azərbaycan dünyanın nəhəng dövlətlərilə ikitərəfli, bərabərhüquqlu və diplomatik münasibətlər yaratmağa başladı, nüfuzlu beynəlxalq təşkilatlara üzv oldu. İndi Azərbaycanın səsi Avropa Şurasının, BMT-nin zirvə toplantılarından, yüksək tribunalarından eşidilir.

Bu gün Azərbaycan təkcə sosial-iqtisadi istiqamətdə deyil, elm, incəsənət və mədəniyyət sahəsində də dünyanın sürətlə inkişaf etməkdə olan gənc dövlətlərindən biridir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, dünyanın bir çox dövlətlərilə hərtərəfli mədəni əlaqələr ölkəni regionun aparıcı dövlətlərindən biri kimi tanıdıb.

Şübhə yoxdur ki, Azərbaycan bundan sonra da cənab prezident Ilham Əliyevin rəhbərliyi  altında  öz müstəqilliyini daha da möhkəmləndirəcək, gələcək nəsillər əmin-amanlıq şəraitində quruculuq işləri ilə məşğul olacaq, respublikamız dünyanın qüdrətli diyarlarından birinə çevriləcək.

Seminarda müxtəlif ixtisas qruplarının TGT fəallarından ibarət qruplar mövzuya uyğun təqdimatlarla çıxış etdilər. Azadlıq qrupu “Müstəqillikdə Ulu Öndər məfkurəsi”, İstiqlal qrupu “Öndər məfkurəsinin qoruyucusu”, Turan qrupu “Azərbaycanda və beynəlxalq aləmdə müstəqillik günləri” və Ana dilim qrupu “Dilim müstəqilliyimin özülüdür” mövzularında qrup işlərini təqdim etdilər.

Seminar diskussiya şəklində davam etdirildi. Tələbələr bu kimi seminarların davamlı olmasını arzularını ifadə etdilər.

Paylaşın: