Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keyfiyyətin yüksəldilməsi istiqamətində aparılan islahatlar çərçivəsində Rektor yanında Keyfiyyətin Təminatı Komissiyası və Keyfiyyətin təminatı şöbəsinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvləri ilə növbəti geniştərkibli müzakirə görüşü keçirilib. Görüşdə ADPU-nun Şamaxı filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri Süsən Cəbrayılova iştirak edib.
Tədris işləri üzrə prorektor dos. Eldar Aslanovun açılış nitqi ilə başlayan görüşdə universitetdə tədrisin keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması, idarəetmədə şəffaf mexanizmlərin gücləndirilməsi və professor-müəllim heyətinin fəaliyyətinə dair reytinq sisteminin təkmilləşdirilməsi kimi mühüm məsələlər müzakirə edilib. Prorektor çıxışında ADPU-nun keyfiyyət mədəniyyətini inkişaf etdirmək istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Keyfiyyətin təminatı şöbəsinin müdiri dos. Qalib Şərifov professor-müəllim heyətinin 2025-ci il üzrə reytinq qiymətləndirilməsi zamanı tətbiq ediləcək yeniliklər, meyarların daha obyektivləşdirilməsi və fəaliyyətin ölçülə bilən göstəricilər əsasında qiymətləndirilməsi barədə məlumat verib. O, həmçinin yeni qiymətləndirmə modelinin hazırlanması ilə bağlı işçi qrupun üzvlərini təqdim edərək görülən işlər barədə qısa məlumat təqdim edib.
Şöbənin mütəxəssisi Bəyim Nəbiyeva 2025-ci il tələbə–məzun sorğularının müqayisəli analizini təqdim edərək tələbə məmnunluğu, dərslərin keyfiyyəti və məzun hazırlığı kimi əsas indikatorları diqqətə çatdırıb.
Universitetin beynəlxalq reytinqlərdə təmsilçiliyi ilə bağlı çıxış edən baş mütəxəssis Nazpəri Abdulrahmanova ADPU-nun beynəlxalq akademik platformalarda iştirakının genişləndiyini və bu istiqamətdə yeni strateji hədəflərin müəyyən edildiyini bildirib.
Qərənfil Məmmədzadə professor-müəllim heyətinin 2025-ci il reytinq qiymətləndirilməsi üzrə kafedralardan daxil olan təklifləri müzakirəyə çıxarıb. Təkliflərdə pedaqoji fəaliyyət, elmi iş, ictimai-mədəni fəaliyyət və tələbələrlə işin daha obyektiv meyarlarla qiymətləndirilməsi nəzərdə tutulub.
Görüşdə həmçinin akkreditasiya nəticələrinə əsasən hazırlanan 2024–2026-cı illər üçün Fəaliyyət Planı və bu çərçivədə təqdim olunan “Monitorinq Siyasəti” sənədi müzakirə edilib. Sənəd fakültə və şöbələrdə fəaliyyətlərin izlənməsi, hesabatlılıq və qiymətləndirmə mexanizmlərinin vahid standartlar üzrə tənzimlənməsini əhatə edir.
Süsən Cəbrayılova akkreditasiya prosesinin nəticələri və verilmiş tövsiyələr əsasında görülən işlər haqqında məlumat verərək tədris proqramlarının təkmilləşdirilməsi, metodik vəsaitlərin yenilənməsi və müəllimlərin peşəkar inkişafı üzrə atılan addımları qeyd edib.
Sonda fikir mübadiləsi aparılıb, komissiya üzvlərinin təklifləri dinlənilib və keyfiyyət təminatı sahəsində növbəti addımlar barədə ümumi razılıq əldə olunub.



