1 dekabr Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş tədbir keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə ADPU-nun Şamaxı filialının birgə təşəbbüsü nəticəsində “İİV infeksiyasının yayılmasına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbiri Sosial və humanitar məsələlər üzrə direktor müavini, p.f.d. Şəlalə Seyidova açaraq iştirakçıları salamlayıb və XXI əsrdə insanlığı narahat edən ən ciddi problemlərdən biri olan İİV infeksiyasının yaratdığı təhlükələrdən danışıb. O, İİV/QİÇS-lə mübarizədə xüsusilə gənclər arasında maarifləndirmənin genişləndirilməsinin vacibliyini vurğulayıb, bu cür tədbirlərin filialda keçirilməsinin əhəmiyyətini qeyd edib. Daha sonra Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Şamaxı Regional İİV Diaqnostik Laboratoriyasının müdiri Nənəqız Qəniyeva çıxış edərək ölkəmizdə və bölgədə İİV/QİÇS-lə mübarizə istiqamətində görülən işlər, həyata keçirilən layihələr və bu qlobal problemə qarşı birlikdə mübarizə yolları barədə geniş məlumat verib. Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və iştirakçıların verdiyi suallar ətraflı cavablandırılıb.

ADPU-nun Şamaxı filialı Keyfiyyətin Təminatı Komissiyasının iclasında təmsil olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keyfiyyətin yüksəldilməsi istiqamətində aparılan islahatlar çərçivəsində Rektor yanında Keyfiyyətin Təminatı Komissiyası və Keyfiyyətin təminatı şöbəsinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvləri ilə növbəti geniştərkibli müzakirə görüşü keçirilib. Görüşdə  ADPU-nun Şamaxı filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri Süsən Cəbrayılova iştirak edib. Tədris işləri üzrə prorektor dos. Eldar Aslanovun açılış nitqi ilə başlayan görüşdə universitetdə tədrisin keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması, idarəetmədə şəffaf mexanizmlərin gücləndirilməsi və professor-müəllim heyətinin fəaliyyətinə dair reytinq sisteminin təkmilləşdirilməsi kimi mühüm məsələlər müzakirə edilib. Prorektor çıxışında ADPU-nun keyfiyyət mədəniyyətini inkişaf etdirmək istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Keyfiyyətin təminatı şöbəsinin müdiri dos. Qalib Şərifov professor-müəllim heyətinin 2025-ci il üzrə reytinq qiymətləndirilməsi zamanı tətbiq ediləcək yeniliklər, meyarların daha obyektivləşdirilməsi və fəaliyyətin ölçülə bilən göstəricilər əsasında qiymətləndirilməsi barədə məlumat verib. O, həmçinin yeni qiymətləndirmə modelinin hazırlanması ilə bağlı işçi qrupun üzvlərini təqdim edərək görülən işlər barədə qısa məlumat təqdim edib. Şöbənin mütəxəssisi Bəyim Nəbiyeva 2025-ci il tələbə–məzun sorğularının müqayisəli analizini təqdim edərək tələbə məmnunluğu, dərslərin keyfiyyəti və məzun hazırlığı kimi əsas indikatorları diqqətə çatdırıb. Universitetin beynəlxalq reytinqlərdə təmsilçiliyi ilə bağlı çıxış edən baş mütəxəssis Nazpəri Abdulrahmanova ADPU-nun beynəlxalq akademik platformalarda iştirakının genişləndiyini və bu istiqamətdə yeni strateji hədəflərin müəyyən edildiyini bildirib. Qərənfil Məmmədzadə professor-müəllim heyətinin 2025-ci il reytinq qiymətləndirilməsi üzrə kafedralardan daxil olan təklifləri müzakirəyə çıxarıb. Təkliflərdə pedaqoji fəaliyyət, elmi iş, ictimai-mədəni fəaliyyət və tələbələrlə işin daha obyektiv meyarlarla qiymətləndirilməsi nəzərdə tutulub. […]