Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə ADPU-nun Şamaxı filialının birgə təşəbbüsü nəticəsində “İİV infeksiyasının yayılmasına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Tədbiri Sosial və humanitar məsələlər üzrə direktor müavini, p.f.d. Şəlalə Seyidova açaraq iştirakçıları salamlayıb və XXI əsrdə insanlığı narahat edən ən ciddi problemlərdən biri olan İİV infeksiyasının yaratdığı təhlükələrdən danışıb. O, İİV/QİÇS-lə mübarizədə xüsusilə gənclər arasında maarifləndirmənin genişləndirilməsinin vacibliyini vurğulayıb, bu cür tədbirlərin filialda keçirilməsinin əhəmiyyətini qeyd edib.

Daha sonra Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Şamaxı Regional İİV Diaqnostik Laboratoriyasının müdiri Nənəqız Qəniyeva çıxış edərək ölkəmizdə və bölgədə İİV/QİÇS-lə mübarizə istiqamətində görülən işlər, həyata keçirilən layihələr və bu qlobal problemə qarşı birlikdə mübarizə yolları barədə geniş məlumat verib.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və iştirakçıların verdiyi suallar ətraflı cavablandırılıb.