Noyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində öz işinə başlayan, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş “Şərq intibah poeziyasının Xaqanı” adlı Respublika elmi-praktik konfransı öz işini ADPU-nun Şamaxı filialında davam etdirib.
Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək konfransın əhəmiyyətindən bəhs edib, görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin zəngin ədəbi irsinin öyrənilməsi və təbliğinin milli-mənəvi dəyərlərimizin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, konfransın yüksək səviyyədə təşkilinə və filialda davam etdirilməsinə göstərilən dəstəyə görə ADPU-nun rektoru, professor Cəfər Cəfərova, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynovaya və Elm və innovasiyalar üzrə prorektor Asəf Zamanova təşəkkürünü bildirib. Belə elmi platformaların alim və tədqiqatçılar arasında elmi əməkdaşlığın genişlənməsinə, ədəbi irsimizin daha dərindən araşdırılmasına və gənc tədqiqatçıların elmi fəaliyyətə təşviqinə mühüm töhfə verdiyini qeyd edib.
Daha sonra Xaqani Şirvaninin zəngin həyat və yaradıcılıq yolunu, ədəbi irsini və Azərbaycan ədəbiyyatında tutduğu müstəsna mövqeyi əks etdirən videoçarx nümayiş olunub.
Ardınca konfrans öz işini elmi məruzələrlə davam etdirib. İştirakçılar tərəfindən Xaqani Şirvaninin həyat və yaradıcılığının müxtəlif aspektlərini, onun zəngin ədəbi irsini, fəlsəfi düşüncə tərzini və Şərq ədəbiyyatının inkişafına təsirini əhatə edən maraqlı və elmi baxımdan əhəmiyyətli məruzələr təqdim olunub. Məruzələr mövzuların aktuallığı, elmi yanaşmaların rəngarəngliyi və Xaqani irsinə fərqli baxış bucaqları ilə seçilib, iştirakçılar arasında maraqlı fikir mübadiləsi və müzakirələrə zəmin yaradıb.
Konfransda ADPU-nun Ədəbiyyat kafedrasının dosenti Razim Məmmədov da çıxış edərək tədbirin elmi və ədəbi əhəmiyyətini yüksək qiymətləndirib, konfransın təşkilinə görə minnətdarlığını bildirib və belə elmi platformaların ədəbiyyatşünaslıq sahəsində tədqiqatların inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Konfransın diqqətçəkən məqamlarından biri də universitetlərarası akademik inteqrasiyanın nümayişi olub. Belə ki, Bakı Dövlət Universitetinin müəllimi tələbələri ilə birlikdə konfransda iştirak edərək elmi məruzə ilə çıxış edib, tələbələr isə təqdim olunan məruzələri dinləyiblər. Bu iştirak ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın və akademik əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli olub.
Konfrans çərçivəsində filialın rəhbərliyi və kollektivi Xaqani Şirvaninin Şamaxıda yerləşən abidəsi ziyarət edib.


















