Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsinin təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyi” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq informasiya təhlükəsizliyinin müasir dövrdə aktuallığından, rəqəmsal mühitdə məlumatların qorunmasının əhəmiyyətindən danışıb və bu istiqamətdə maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.

Seminarda İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsinin müdiri, Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Mətanət Cümşüd qızı Rəhimova təqdimatla çıxış edib. Təqdimatda informasiya təhlükəsizliyinin əsas prinsipləri, kibertəhlükələr, şəxsi məlumatların qorunması, təhlükəsiz internet istifadəsi və rəqəmsal təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib.

Seminar çərçivəsində iştirakçılarla mövzu ətrafında geniş müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı tövsiyələr səsləndirilib.

Tədbirin keçirilməsində əsas məqsəd əməkdaş və tələbələrin informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılması, kibertəhlükələrə qarşı məlumatlılığın gücləndirilməsi olub.