Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Məzun Günü” tədbiri keçirilib.
Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, tələbələr və onların valideynləri iştirak ediblər.
Tədbirdən əvvəl filialın həyətyanı sahəsində yerləşən şəhid məzunların xatirəsinə həsr olunmuş abidə ziyarət olunub, önünə tər güllər düzülərək əziz xatirələri ehtiramla yad edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Filialın direktoru, dosent Tünzalə Yusifova çıxış edərək məzunları və onların valideynlərini təbrik edib, gənclərə gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, azad və suveren ölkədə böyüyən gənclik xoşbəxt və şanslıdır. Dövlətimizin təhsilə, eləcə də gənclərin intellektual, mənəvi və vətənpərvərlik ruhunda inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün ADPU-nun Şamaxı filialında vətəninə bağlı, savadlı, məsuliyyətli və təşəbbüskar gənclər yetişir.
O, vurğulayıb ki, filial öz fəaliyyəti ilə regionda təhsilin inkişafına və kadr potensialının gücləndirilməsinə mühüm töhfələr verir. O qeyd edib ki, filialın məzunları təkcə təhsil sahəsində deyil, eyni zamanda müxtəlif dövlət və özəl qurumlarda, sosial layihələrdə və ictimai fəaliyyət istiqamətlərində də uğurla təmsil olunurlar.
Təhsil aldıqları müddətdə akademik göstəriciləri, eləcə də ictimai-sosial fəallıqları ilə fərqlənən bir qrup məzuna filial rəhbərliyi tərəfindən “Fəxri fərman” və “Təşəkkürnamə”lər təqdim olunub.
Ardınca filialın pedaqoji təcrübə üzrə əməkdaşlıq etdiyi Şamaxı şəhər 1 nömrəli tam orta məktəbin direktoru, eyni zamanda məzun valideyni Nəsimi İsmayılov çıxış edib. O, ADPU-nun Şamaxı filialında tələbələr üçün yaradılmış müasir təhsil mühitini yüksək qiymətləndirərək bildirib ki, burada yetişən gənclər peşəkar bilikləri, vətənpərvərlik ruhu və yüksək mənəvi keyfiyyətləri ilə seçilirlər. Nəsimi İsmayılov pedaqoji təcrübə dövründə tələbələrin nümayiş etdirdiyi hazırlıq səviyyəsinin onların gələcəkdə uğurlu müəllim kimi formalaşacaqlarına əminlik yaratdığını vurğulayıb. O, valideyn olaraq övladların inkişafı üçün göstərilən diqqət və qayğıya görə filial rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkürünü bildirib, məzunlara gələcək həyat yollarında uğurlar arzulayıb.
Tədbirin davamında məzunlar çıxış edərək təhsil illəri ilə bağlı xatirələrini bölüşüb, tələbəlik həyatının həm qürurverici, həm də kövrək anlarından danışıblar. Onlar qazandıqları bilik və təcrübəyə görə filial rəhbərliyinə, müəllimlərinə və valideynlərinə minnətdarlıqlarını ifadə edib, tələbə yoldaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Səmimi və duyğulu atmosferdə davam edən tədbirdə valideynlər də çıxış edərək övladlarının hərtərəfli inkişafı və keyfiyyətli təhsil almaları üçün filialda yaradılmış şəraitə görə universitet rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkürlərini bildiriblər.
Tədbir bədii hissə və məzunların sevinc dolu anları ilə davam edib. Bədii hissədə Şamaxı Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Ruslan Adıgözəlov, Faiq Mirzəyev və Elvin Abdullayev iştirak ediblər.
ADPU-nun Şamaxı filialının bütün məzunlarını ürəkdən təbrik edir, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər və Vətənimizə layiqli xidmətlər arzulayırıq.




















