ADPU-nun Şamaxı filialında cari ilin məzunları ilə görüş keçirildi

Görüş zamanı filialın direktoru dos. Tünzalə Yusifova cari ildə bakalavr təhsilini uğurla başa vuraraq diplom əldə edən məzunları səmimi qəlbdən təbrik etmiş, onların bu nailiyyətini böyük qürurla qeyd etmişdir. O, məzunlara gələcək karyera hədəflərini düzgün müəyyənləşdirmək üçün dəyərli məsləhətlər verərək, qarşıdakı mərhələlərdə özlərinə inamla addımlamağın vacibliyini vurğulamışdır. Dosent Tünzalə Yusifova görüş zamanı MİQ imtahanlarına hazırlığın əhəmiyyətinə toxunaraq, müasir bilik və bacarıqlar bazarında daim yenilənməyin önəmli olduğunu qeyd etmişdir. O, magistratura pilləsində təhsilini davam etdirən məzunlarla da səmimi söhbət edərək, onların daxil olduqları ali təhsil müəssisələrinə adaptasiya prosesində qarşılaşa biləcəkləri çətinliklər və imkanlar barədə fikir mübadiləsi aparmışdır. Sonda direktor məzunlara gələcək karyeralarında ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməyin vacibliyini vurğulamış, qarşıdakı fəaliyyətlərində onlara uğurlar və yeni zirvələr fəth etməyi arzulamışdır.

ADPU-nun Şamaxı filialında əməkdaşların yubileyləri qeyd olundu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının  əməkdaşların – Pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Məlik Məlikov və Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi, Əməkdar müəllim Kamal Balakişiyevin yubileyləri qeyd olundu. Tədbir filialın rəhbərliyi və müəllim heyətinin iştirakı ilə xoş ab-havada baş tutub. Tədbiri giriş sözü ilə açan dosent Tünzalə Yusifova yubileyini qeyd edən müəllimlərin pedaqoji fəaliyyətləri, təhsilin inkişafına verdikləri dəyərli töhfələr və tələbələrin formalaşmasında oynadıqları mühüm rol haqqında danışıb. O, qeyd edib ki, öz peşəsinə dərin sevgi və məsuliyyətlə yanaşan bu müəllimlər  qazandıqları zəngin təcrübə, yüksək peşəkarlıq və fədakar əməyin sayəsində filialın akademik mühitinin inkişafında xüsusi yer tuturlar. Yubiley münasibətilə əməkdaşlar  filial rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman ilə təltif olunublar. Bu mükafatlar onların uzunmüddətli səmərəli fəaliyyətinə verilən yüksək dəyərin bariz nümunəsi kimi qiymətləndirilib. Tədbirin sonunda kollektiv xatirə şəkilləri çəkdirib, müəllimlərə səmimi təbriklər çatdırılıb.

ADPU Şamaxıda AMEA-nın 80 illik yubiley tədbirində Prezident cənab İlham Əliyevin çıxışına həsr olunmuş konfrans keçirildi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çıxışı və qarşıda duran vəzifələr” mövzusunda elmi konfrans təşkil edilmişdir. Tədbir ölkəmizdə elmin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmi ictimaiyyət qarşısında müəyyən etdiyi strateji vəzifələrin təbliği baxımından mühüm əhəmiyyət kəsb edirdi. Konfransı giriş sözü ilə açan ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova ölkəmizdə elmi mühitin inkişafına yönələn dövlət siyasətindən, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə səsləndirdiyi prioritet istiqamətlərdən danışdı. O qeyd etdi ki, bu gün Azərbaycan elminin qarşısında duran əsas vəzifələr ölkənin intellektual potensialının gücləndirilməsi, yeni biliklərə əsaslanan iqtisadiyyatın qurulması və gənclərin elmi fəaliyyətə daha geniş şəkildə cəlb olunmasıdır. AMEA-nın […]