Noyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) YÖKAK, TKTA, ADPU, Sakarya və Çankaya universitetlərinin birgə təşkilatçılığı ilə “Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfrans (ICQH)” və “Beynəlxalq Müəllim Hazırlığı Konfransı (ITEC)”nin açılış mərasimi keçirilib. Tədbirdə elm və təhsil ictimaiyyətinin nümayəndələri, ali məktəb rəhbərləri, millət vəkilləri, diplomatik korpusların təmsilçiləri müxtəlif ölkələrdən alimlər o cümlədən ADPU-nun Şamaxı filialının əməkdaşları Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Şəlalə Seyidova, Pedaqoji fakültə dekanı baş müəllim Qahirə Şahbazova, Tədris şöbəsinin müdiri baş müəllim Ruqiyyə Babaşova və Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi Təranə Mütəllimova da iştirak ediblər.
İlk olaraq Konfransın koordinatorları – Sakarya Universitetindən prof. Aytekin İşman və ADPU-dan dos. Eldar Aslanov hazırlıq prosesi barədə məlumat veriblər. Bildirilib ki, ICQH konfransına 210-dan çox, ITEC-ə isə 150-dən artıq elmi iş təqdim olunub.
ADPU-nun rektoru prof. Cəfər Cəfərov çıxışında ali təhsildə keyfiyyətin yüksəldilməsinin qlobal çağırış olduğunu vurğulayaraq ölkədə bu istiqamətdə aparılan islahatlar, rəqəmsal idarəetmə, akkreditasiya mexanizmləri və müəllim hazırlığı sahəsində əldə olunan nəticələr barədə danışıb. Rektor müəllim hazırlığına dair beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Türkiyənin Çankaya və Sakarya universitetlərinin rektorları, YÖKAK və TKTA rəhbərləri çıxış edərək konfransın iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və yeni perspektivlərin formalaşdırılması baxımından önəmini qeyd ediblər.
Daha sonra plenar məruzələr dinlənilib və iclasın ardınca konfranslar 18 bölmə üzrə müzakirələrlə davam etdirilib.
Filialın əməkdaşları bölmə iclaslarında məruzə ilə çıxış ediblər. Konfransın mövzularına uyğun olaraq keyfiyyətin təminatı və müəllim hazırlığı sahəsində bir sıra aktual məsələlər müzakirə olunub.
Qeyd edək ki, 28 noyabrda konfranslar öz işini davam etdirəcək və filial əməkdaşları təqdim etdikləri mövzularla çıxış edəcəklər.





