Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Konstitusiya və Suverenlik ili” çərçivəsində dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş elmi tədbir təşkil olunub. Tədbirin məqsədi böyük alimin həyat və yaradıcılığını, elmi kəşflərini, Azərbaycan elminin inkişafında oynadığı rolu tələbələrə daha geniş şəkildə tanıtmaq idi.
İlk olaraq tədbir iştirakçılarına Yusif Məmmədəliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu. Video material alimin keçdiyi elmi yol, kimya sahəsində dünya miqyasında tanınmasına səbəb olan fundamental kəşfləri, nəticələri bu gün də tətbiq olunan elmi yenilikləri özündə əks etdirirdi.
Sosial və xüsusi fənlər kafedrasının müəllimi, f.f.d. Şasəddin Mikayılov iştirakçıları salamladı və alimin Azərbaycan elmi və dövlətçilik düşüncəsinə verdiyi böyük töhfələrdən bəhs etdi. Şasəddin Mikayılov qeyd etdi ki, Yusif Məmmədəliyev elmi fəaliyyətini yalnız laboratoriya və tədqiqatlarla məhdudlaşdırmırdı; o, dövlətçilik düşüncəsinə, milli kimya məktəbinin yaradılmasına, gənc tədqiqatçıların yetişdirilməsinə xüsusi önəm verirdi. Alimin fəaliyyəti həm elmi yeniliklərlə zəngin, həm də cəmiyyət üçün dəyərli ideyalarla dolu idi. O, Yusif Məmmədəliyevin həm elm adamı, həm də vətəndaş kimi örnək bir şəxsiyyət olduğunu vurğuladı.
Dünya şöhrətli kimyaçı alim, Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi, əməkdar müəllim Kamal Balakişiyev öz çıxışında Yusif Məmmədəliyevin qlobal miqyasda tanınan kimyaçı alimlərdən biri olduğunu bildirdi. O, alimin neft kimyası sahəsində apardığı fundamental tədqiqatların dünya elminə istiqamət verdiyini, xüsusilə oksidləşmə və alkilləşmə reaksiyalarının inkişafına böyük təsir göstərdiyini qeyd etdi.
Daha sonra Sosial və xüsusi fənlər kafedrasının müəllimi Şahin Hüseynov “Tarixin istiqamətini dəyişən alim adlı mövzu ilə çıxış edərək ”Yusif Məmmədəliyevin dünya elminin dönüş nöqtələrindən birinə çevrilən kəşflərini işıqlandırdı. O vurğuladı ki, alimin işləyib hazırladığı kimyəvi proseslər müasir sənayenin formalaşmasına böyük təkan verib və bu baxımdan o, yalnız Azərbaycan üçün deyil, dünya üçün tarixi şəxsiyyətdir.
Pedaqogika və psixologiya kafedrasının müəllimi Sara Qurbanlı çıxışında alimin pedaqoji fəaliyyətini, Azərbaycanın elmi-təhsil mühitinin formalaşmasında oynadığı rolunu diqqətə çatdırdı. O, Yusif Məmmədəliyevin yalnız tədqiqatçı kimi deyil, həm də tələbələr yetişdirən, elmi məktəb yaradan bir ziyalı kimi böyük xidmətlər göstərdiyini qeyd etdi.
Fizika müəllimliyi ixtisasının III tədris ili tələbəsi Könül Vəzirova alimin kəşflərinin bu gün neft-kimya sənayesində, farmakologiyada, müxtəlif istehsal sahələrində geniş tətbiq olunduğunu faktlarla izah etdi. Tələbə vurğuladı ki, alimin yaratdığı elmi baza müasir kimya sənayesinin inkişafına əsas verib.
Fizika müəllimliyi ixtisasının III kurs tələbəsi Şəfiqə Şıxverdiyeva çıxışında akademikin dünya elminə ən böyük töhfələrindən biri olan alkilləşmə reaksiyalarının yeni üsullarını ətraflı təhlil etdi. O, məhz bu nailiyyətə görə Yusif Məmmədəliyevin elmi ədəbiyyatda “alkilləşmənin kralı” kimi tanındığını söylədi.
Fizika müəllimliyi ixtisasının III tədris ili tələbəsi Əminə Qurbanova öz çıxışında alimin yaratdığı elmi məktəbin Azərbaycan kimya elminin inkişafında əvəzsiz rol oynadığını vurğuladı və qeyd etdi ki, Yusif Məmmədəliyev yalnız böyük alim deyil, həm də parlaq təşkilatçı və istedadlı müəllim idi.
Sonda tədbir iştirakçıları Yusif Məmmədəliyevin zəngin elmi irsinin Azərbaycan üçün qürur mənbəyi olduğunu vurğulayaraq, belə tədbirlərin tələbələrin elmi dünyagörüşünün formalaşmasına mühüm töhfə verdiyini qeyd etdilər.







