“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında yaradılan Uşaq Səfirlər Məclisinin Şamaxı rayon nümayəndələrinin təşəbbüsü, Şamaxı Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Qızlar müzakirəyə qoşulur” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova, Şamaxı rayon Ağsaqqallar Şurasının üzvü Nəzakət Abdurazaqova, Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin ASM-nin ginekologiya şöbəsinin həkimi Kifayət Rzayeva, ADPU-nun Şamaxı filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Şəlalə Seyidova, eləcə də rayonun ümumtəhsil müəssisələrinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə qız uşaqlarının maarifləndirilməsi, hüquqlarının təbliği, təhsildən yayınma və erkən nikah hallarının qarşısının alınması mövzularından söhbət açılıb.
Çıxışçılar bildiriblər ki, qızların hüquqlarının müdafiəsi, onların cəmiyyətdə bərabər iştirakının təmin edilməsi, eləcə də təhsil və inkişaf imkanlarının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Natiqlər təhsilin qızların gələcək inkişafında mühüm rol oynadığını, onların sosial fəallığını artırdığını, ailə və cəmiyyətdə bərabər imkanlara sahib olmalarını təmin etdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, təhsildən yayınma yalnız fərdi potensialın itirilməsi ilə nəticələnmir, həm də cəmiyyətin inkişafına mənfi təsir göstərir.
Erkən nikahın insan sağlamlığına, xüsusilə də qızların fiziki və psixoloji inkişafına ciddi təhlükələr yaratdığı vurğulanıb.
Mövzu ətrafında şagirdlərlə geniş müzakirələr aparılıb, onların fikir və təklifləri dinlənilib. Müzakirələrin nəticəsi olaraq şagirdlər vurğulayıblar ki, məqsədlərinə çatmaq üçün sağlam və düzgün qərarlar verməkdə onlar qətiyyətli olmalı, öz hüquq və vəzifələrini bilməli, taleyüklü məsələlərə isə məsuliyyətlə yanaşmalıdırlar.






