ADPU-nun Şamaxı filialının Kitabxana və elektron resurslar şöbəsində 44 günlük Vətən müharibəsinin beşinci ildönümünə həsr olunmuş guşə və “Xatirən daima yaşayar, Şəhidim!” adlı oxucu disputu təşkil olunub.
Tədbir şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb. Daha sonra iştirakçılar “Pedaqoji Universitetin Qəhrəmanları” kitabı ətrafında müzakirə aparıblar. Şöbənin müdiri Vəsilə Razimi çıxışında kitabda yer alan ADPU-nun şəhid, qazi və müharibə iştirakçısı məzunlarının həyat yolundan danışıb, onların qəhrəmanlıq nümunələrini oxuculara çatdırıb.
Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Aytən Səmədova “44 günlük Vətən müharibəsi və ədəbiyyatımız” mövzusunda çıxış edərək, müharibə mövzusunda yazılmış bədii əsərlərə toxunub.
Disputda İbtidai sinif müəllimliyi ixtisasının III kurs tələbəsi Lamiyə Mirəliyeva və Azərbaycan dili və ədəbiyyatı ixtisasının III kurs tələbəsi Asif Həsənov Mahirə Nağıqızının “Ruhuna beşiksə, tanı, vətəndir…” şeirlər kitabından “Şəhid nəğməsi” adlı şeiri səsləndiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların xatirəsi daim qəlbimizdə yaşayacaq.