ADPU-nun Şamaxı filialında Keyfiyyətin təminatı şöbəsi və Pedaqogika və psixologiya kafedrasının birgə təşkilatçılığı ilə Layihə əsaslı öyrənmə: Müasir tədrisdə effektiv yanaşma adlı təlim həyata keçirilmişdir. Təlimdə filialın professor-müəllim heyəti tam tərkibdə iştirak etmiş, eyni zamanda filial rəhbərliyi təlim prosesində iştirak edərək müzakirələri yaxından izləmişdir.
Təlim çərçivəsində layihə əsaslı öyrənmənin mahiyyəti, onun tədris prosesində tətbiq mexanizmləri, tələbəyönümlü təlim mühitinin formalaşdırılması, təlim nəticələrinin ölçülməsi və qiymətləndirilməsi, eləcə də müasir təlim metodlarının keyfiyyət təminatı sisteminə inteqrasiyası məsələləri elmi-metodik baxımdan müzakirə olunmuşdur. Təlim zamanı iştirakçılara konkret praktik nümunələr və metodiki tövsiyələr təqdim edilmişdir.
Təlimdə iştirak edən professor-müəllim heyətinin üzvləri sertifikatlarla təltif olunmuşdur. Sertifikatlarla təltif olunma zamanı dosent Tünzalə Yusifova qeyd etdi ki, layihə əsaslı öyrənmə müasir ali təhsil sistemində tələbələrin yalnız nəzəri biliklərə yiyələnməsini deyil, eyni zamanda onların tənqidi düşünmə, problem həll etmə, əməkdaşlıq və yaradıcılıq bacarıqlarının formalaşdırılmasını təmin edən effektiv tədris yanaşmalarından biridir. O vurğuladı ki, bu cür təlimlər professor-müəllim heyətinin pedaqoji innovasiyalara açıq olmasına, tədris prosesində müasir metodların sistemli və məqsədyönlü şəkildə tətbiqinə, eləcə də keyfiyyət təminatı mexanizmlərinin daha da təkmilləşdirilməsinə mühüm töhfə verir. Tünzalə Yusifova belə tədbirlərin davamlı keçirilməsinin tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirdi.








