Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Konstitusiya və Suverenlik ili çərçivəsində “Hüquqi dövlətin təməli – Azərbaycan Konstitusiyası” mövzusunda tədbir keçirilib. Tədbirin məqsədi tələbələrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsipləri haqqında anlayışların dərinləşdirilməsi, Konstitusiyanın mahiyyəti və əhəmiyyətinin daha yaxından öyrənilməsinə şərait yaratmaq olub.

Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq iştirakçıları salamlayıb və tədbirin əhəmiyyətindən bəhs edib. Direktor qeyd edib ki, Azərbaycan Konstitusiyası müstəqil dövlətimizin siyasi, hüquqi və ideoloji əsaslarını müəyyənləşdirən, vətəndaş hüquq və azadlıqlarını təmin edən ali hüquqi sənəddir.

Tünzalə Yusifova çıxışında bu il Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyinin qeyd olunduğunu vurğulayaraq bildirib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş bu sənəd ölkəmizin müasir hüquqi dövlət və vətəndaş cəmiyyətinə keçidinin başlanğıc nöqtəsi olub. O, qeyd edib ki, Konstitusiyamız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə hazırlanaraq xalqın iradəsini, milli dövlətçilik ənənələrimizi və demokratik dəyərləri özündə birləşdirən mühüm hüquqi sənəddir.

Tünzalə xanılm əlavə edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın prinsipləri və müddəaları həyatın bütün sahələrində uğurla tətbiq olunur, insan hüquq və azadlıqlarının təmin olunması, sosial rifahın yüksəldilməsi, eləcə də dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir.

Daha sonra Sosial və xüsusi fənlər kafedrasının fəlsəfə üzrə fəlsəfə doktoru, baş müəllim Şasəddin Mikayılov “Konstitusiya – mənəvi sərvətimizdir” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında qeyd edib ki, Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də xalqımızın milli-mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və suverenlik ideyalarını özündə əks etdirən tarixi sənəddir. Məruzəçi Konstitusiyanın vətəndaşların hüquq və azadlıqlarının qorunmasında, dövlətin idarəçiliyinin hüquqi əsaslarla təmin edilməsində əvəzsiz rol oynadığını vurğulayıb.

Daha sonra Sosial və xüsusi fənlər kafedrasının müəllimi Təranə Mütəllimova “Azərbaycan Konstitusiyasının tarixi inkişaf mərhələləri” mövzusunda çıxış edib. O, 1918-ci ildə qəbul edilən Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi irsi, sovet dövründəki konstitusiya dəyişiklikləri və müstəqillik dövründə qəbul olunan 1995-ci il Konstitusiyasının əsas məqamları haqqında geniş məlumat verib. Məruzəçi vurğulayıb ki, müasir Azərbaycan Konstitusiyası beynəlxalq hüquq normalarına uyğun şəkildə vətəndaş cəmiyyətinin inkişafına hüquqi zəmin yaradır.

Tədbirdə həmçinin Tarix və coğrafiya müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Fidan Qafarova “Konstitusiya dəyərləri gənclərin gözündə” mövzusunda çıxış edib. Gənc natiq öz çıxışında Konstitusiyanın gənclərin həyatında və hüquqi düşüncəsinin formalaşmasında oynadığı roldan danışıb, Azərbaycan gəncliyinin dövlətin hüquqi əsaslarını qorumaq və inkişaf etdirmək istiqamətində məsuliyyətli mövqeyini vurğulayıb.

Sonda çıxış edənlər Konstitusiyanın hər bir vətəndaş üçün hüquqi kompas rolunu oynadığını, onun müddəalarının yalnız dövlət orqanları üçün deyil, bütün cəmiyyət üzvləri üçün yolgöstərici əhəmiyyət daşıdığını qeyd ediblər.