Pedaqoji fakültənin dekanı, “Riyaziyyat və kompüter elmləri” kafedrasının baş müəllimi Şahbazova Qahirə Lələ qızının təşkilatçılığı ilə tyutorlar (akademik məsləhətçilər) və tədris-köməkçi heyət üçün “Akademik məsləhətçi təlimi” keçirilmişdir. Təlimin əsas məqsədi tələbələrə keyfiyyətli tədris və səmərəli məsləhət xidməti göstərilməsində akademik məsləhətçilərin peşəkar fəaliyyətini təkmilləşdirmək, onların vəzifə funksiyalarını daha dərindən mənimsəmələrini təmin etmək olmuşdur.
Təlim zamanı akademik məsləhətçi fəaliyyətinin mahiyyəti, məqsədi və tələbələrlə qarşılıqlı ünsiyyətin effektiv yolları barədə geniş müzakirələr aparılmışdır. Təlim zamanı aşağıdakı mövzular ətrafında fikir mübadiləsi həyata keçirilmişdir:
- Akademik məsləhətçinin funksiyaları və məsuliyyəti;
- Tələbələrlə fərdi və qrup şəklində işin təşkili;
- Fənn seçimi prosesində tələbəyə dəstək mexanizmləri;
- Problemlərin müəyyənləşdirilməsi və onların həlli istiqamətində yönləndirmə üsulları;
- Məsləhətçi fəaliyyətində etik prinsiplər.
Təlim interaktiv formatda aparılmış, iştirakçılar arasında səmərəli diskussiya və təcrübə mübadiləsi təşkil edilmişdir. Müzakirələr nəticəsində akademik məsləhətçilərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində bir sıra praktiki təkliflər irəli sürülmüşdür.
Ümumilikdə, təlimin məqsədlərinə tam şəkildə nail olunmuş, iştirakçılar əldə etdikləri bilik və bacarıqları gələcək pedaqoji və məsləhətçilik fəaliyyətlərində tətbiq etmək niyyətlərini bildirmişlər. Təlimin keçirilməsi akademik məsləhətçilərin peşəkar hazırlığının artırılmasına, tələbə-məsləhətçi münasibətlərinin daha səmərəli təşkilinə və tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə xidmət etmişdir.




