“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”        — Ulu Öndər Heydər Əliyev

Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, demokratik inkişafımızın və vətəndaş cəmiyyətinin hüquqi əsaslarını müəyyən edən ali sənəddir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan bu mühüm hüquqi akt xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri dəyərlərə əsaslanaraq, müasir dünyanın demokratik prinsiplərini özündə birləşdirir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə əsaslanaraq, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”

Azərbaycanın konstitusiya quruluşunun tarixi ötən əsrin əvvəllərinə, Xalq Cümhuriyyəti dövrünə qədər uzanır. 1918–1920-ci illərdə cəmi 23 ay fəaliyyət göstərmiş Cümhuriyyət öz Konstitusiyasını qəbul etməyə macal tapmasa da, bu ideya sonrakı mərhələlərdə davam etdirilmişdir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da qəbul olunmuş, daha sonra 1925, 1927, 1937 və 1978-ci illərdə yenilənmişdir. 1978-ci il Konstitusiyası məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tarixi dəyişikliklə – dövlət dilinin Azərbaycan dili kimi təsbit edilməsi ilə fərqlənmişdir. Bu, milli kimliyimizin qorunmasında mühüm mərhələ olmuşdur.

1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan üçün yeni Konstitusiyanın hazırlanması həyati zərurət idi. Lakin yalnız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkədə sabitlik yaratdı və müasir dövlət quruculuğuna hüquqi əsas formalaşdırdı. Onun rəhbərliyi ilə Konstitusiya Komissiyası tərəfindən hazırlanan sənəd 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edildi. Seçicilərin 86 faizi iştirak etmiş, onların 91,9 faizi Konstitusiyanın lehinə səs vermişdi. Beləliklə, həmin gün Azərbaycanın müstəqillik tarixində yeni bir səhifə açıldı. Ulu Öndərin 1995-ci il 15 dekabr tarixli Fərmanı ilə 12 noyabr “Azərbaycan Respublikasının Konstitusiyası Günü” elan edildi və bu gün hər il ölkəmizdə təntənə ilə qeyd olunur.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətin demokratik, hüquqi və dünyəvi əsaslarını təsbit etmiş, insan və vətəndaş hüquqlarının müdafiəsini, hakimiyyət bölgüsü prinsipini və hüququn aliliyini təmin edən mükəmməl sənəd kimi formalaşmışdır. Əsas Qanunumuzda 48 maddə birbaşa insan hüquq və azadlıqlarına həsr olunmuş, bu sahədə beynəlxalq hüquqi prinsiplər rəhbər tutulmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra cəmiyyətin inkişaf dinamikasına uyğun olaraq 2002, 2009 və 2016-cı illərdə referendumlar vasitəsilə bir neçə dəfə dəyişdirilmişdir. Bu dəyişikliklər dövlət idarəetməsinin təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsi və sosial dövlət prinsiplərinin gücləndirilməsinə xidmət etmişdir. 2016-cı ildə keçirilmiş referendum nəticəsində dövlət idarəetməsində yeni təsisat — Birinci vitse-prezidentlik institutu yaradıldı ki, bu da idarəetmə modelimizin modernləşməsinin göstəricisidir.

2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü il antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Bununla da Konstitusiyanın hüquqi qüvvəsi bütün ərazilərimizdə təmin olundu. Prezident İlham

Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmiş, bu münasibətlə geniş tədbirlər planı təsdiqlənmişdir. Habelə 2025-ci il 10 oktyabr tarixli Qanunla “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis olunmuşdur. Bu medal Konstitusiyanın hazırlanmasına, təbliğinə və hüquqi dövlət quruculuğuna töhfə vermiş şəxslərə təqdim edilir.

Bu gün Konstitusiyamız Azərbaycan dövlətinin sabitliyinin, suverenliyinin və inkişafının hüquqi təminatıdır. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olan bu sənəd müasir, demokratik və güclü Azərbaycanın möhkəm dayağı kimi xalqımızın gələcəyinə inamla yön verir.