Müəllif: Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Şəlalə Seyidova
9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Bu əlamətdar gün xalqımızın azadlıq, milli kimlik və dövlətçilik ideallarını təcəssüm etdirən ən müqəddəs bayramlardan biridir. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək: “Azərbaycan Bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”
Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən bu tarix qeyri-iş günü olan dövlət bayramlarının siyahısına daxil edilib. Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da qəbul edilmiş, həmin gün Nazirlər Şurasının binası üzərində qaldırılmışdır. 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuş bu bayraq xalqımızın istiqlal arzularını, milli birliyini və azadlıq ideallarını təcəssüm etdirirdi.
Bayrağımızdakı mavi, qırmızı və yaşıl rənglər XX əsrin əvvəllərində formalaşmış milli istiqlal ideologiyasının üç təməl prinsipini – türkçülük, müasirlik və islamçılığı ifadə edir. Bu ideya görkəmli mütəfəkkir Əli bəy Hüseynzadəyə məxsusdur. Üçrəngli bayraq milli-mənəvi dəyərlərimizə, azadlıq məfkurəmizə və ümumbəşəri ideallara sədaqətimizin simvoludur.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda Dövlət Bayrağı kimi qəbul edilmişdir. Bu, Ulu Öndərin milli dövlətçiliyin bərpası istiqamətində atdığı tarixi addım idi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağı yenidən dövlət bayrağı elan etmişdir.
Prezident İlham Əliyevin 17 noyabr 2007-ci il tarixli Sərəncamı ilə Bakıda Dövlət Bayrağı Meydanı yaradılmış, onun açılışı 2010-cu il sentyabrın 1-də baş tutmuşdur. Həmin il noyabrın 9-da Dövlət Bayrağı Muzeyinin də açılışı olmuşdur. 2024-cü il noyabrın 8-də yenidən açılan Dövlət Bayrağı Meydanında bu gün dünyanın ən böyük bayrağı dalğalanır. Təmir və bərpa işlərindən sonra yeni görkəm alan Dövlət Bayrağı Muzeyində “Zəfər qalereyası” adlı ekspozisiya yaradılıb. Burada 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbəmizi əks etdirən foto və eksponatlar sərgilənir, Azərbaycanın qədim dövlətçilik tarixini əks etdirən eksponatlar nümayiş olunur.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər bir vətəndaş dövlət rəmzlərinə – bayrağa, gerbə və himnə hörmət etməlidir. Dövlət Bayrağının istifadəsi qaydaları “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” 2004-cü il 8 iyun tarixli Qanunla müəyyən edilmişdir. Bayrağa hörmət etmək hər bir məsuliyyətli vətəndaşın mənəvi borcudur.
Ulu Öndər Heydər Əliyev demişdir: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üzərində dalğalanır və daim dalğalanacaqdır.”
Prezident İlham Əliyev isə Dövlət Bayrağı Meydanının açılışında bu fikirləri söyləmişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Şuşada, Xankəndidə dalğalanacaqdır.”
Bu gün həmin arzular gerçəyə çevrilib. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması xalqımızın qürurunun, milli həmrəyliyimizin və müstəqilliyimizin əbədi simvoluna çevrilib. Uca dalğalan, Azərbaycan Bayrağı!
