6 noyabr 2025-ci il tarixində İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Şamaxı filialının və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Qələbənin 5-ci ildönümünə həsr olunmuş Beynəlxalq Elmi-Araşdırmalar Konfransının plenar iclası” keçirilib.

Tədbirdə Azərbaycan və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinin alim və tədqiqatçıları, Vətən müharibəsi iştirakçıları, filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Şamaxı filialının konfrans zalında keçirilən açılış mərasimi Azərbaycan və Türkiyə Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Zəfərə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Plenar iclasın aparıcısı Aytən Qurbanova tədbiri açaraq qonaqları təqdim edib.

İlk olaraq salamlama nitqi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova çıxış edib. O, konfrans iştirakçılarını salamlayaraq, tədbirin təşkilinə verdiyi dəstəyə görə ADPU-nun rektoru, konfransın fəxri sədri professor Cəfər Cəfərova, elm və innovasiyalar üzrə prorektoru, elmi komitənin sədri professor Asəf Zamanova, beynəlxalq əlaqələr üzrə prorektoru, konfransın sədri professor Mahirə Hüseynovaya, Naxçıvan Dövlət Universitetinin rektoru, konfransın həmsədri dosent Elbrus İsayevə, həmçinin Türkiyə İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun baş direktoru, konfransın təşkilat komitəsinin həmsədri Dr. Mustafa Latif Emekə təşəkkürünü bildirib. Direktor vurğulayıb ki, bu konfrans təkcə elmi fikir mübadiləsi üçün platforma deyil, həm də xalqımızın Zəfərinin 5-ci ildönümünə, milli birliyimizə və qəhrəmanlıq ruhuna ehtiramın təcəssümüdür. Tünzalə Yusifova 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin Prezident İlham Əliyevin rəhbərliyi, xalqın və ordunun birliyi sayəsində mümkün olduğunu diqqətə çatdırıb.

O, həmçinin filialın şəhid məzunları Orxan Nəbiyev və Elgün Əzizovun adlarını qürurla xatırladaraq, onların qəhrəmanlığını tələbələr üçün örnək göstərib.

İKSAD İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Əlvan Cəfərov konfrans iştirakçılarını Türkiyədə fəaliyyət göstərən İKSAD İnstitutunun Baş direktoru Dr. Mustafa Latif Emek adından səmimi salamlayıb. O, konfransın təşkilinə göstərilən dəstəyə görə ADPU-nun və Şamaxı filialının rəhbərliyinə təşəkkürünü bildirib. Əlvan Cəfərov çıxışında qeyd edib ki, konfransın mövzusu çağdaş elmi tədqiqatların və pedaqoji yanaşmaların aktual istiqamətlərini əhatə edir. Təqdim olunan məqalələrin elmi-nəzəri və praktiki baxımdan mühüm əhəmiyyət daşıdığını, təhsil və sosial inkişaf sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verəcəyini vurğulayıb.

Tədbirdə Sumqayıt Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “Dövlət suverenliyinin bərpasına gələn yol Milli Qurtuluşdan başlayır” mövzusunda çıxış edib. O, Azərbaycanın müasir dövlətçilik tarixində Milli Qurtuluş dövrünün mühüm mərhələ olduğunu, məhz bu dövrdə siyasi sabitliyin bərpa olunduğunu, iqtisadi və mənəvi dirçəlişin əsasının qoyulduğunu qeyd edib. Professor çıxışında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının müstəqil Azərbaycanın möhkəmlənməsində və dövlət suverenliyinin bərpasında həlledici rol oynadığını elmi faktlarla əsaslandırıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, vətənpərvər şair Aytəkin Mehmanqızı çıxış edərək Vətən müharibəsinin xalqımızın birliyini, əzmini və mənəvi qüdrətini nümayiş etdirdiyini vurğulayıb. O, Zəfər ruhunun bu gün təkcə qəhrəmanlıq

salnamələrində deyil, həm də ədəbiyyatımızda, poeziyamızda öz əksini tapdığını qeyd edib. Şair bildirib ki, onun şeirlərində şəhidlərimizin qəhrəmanlığı, xalqın yenilməz iradəsi və milli qüruru əsas mövzuya çevrilib.

Türkiyənin Biləcik Şeyx Edebali Universiteti, Magistratura Təhsili İnstitutunu təmsil edən Mərvə Kıran çıxış edərək Azərbaycanın Qələbəsini səmimi qəlbdən təbrik etdi. O, bu Zəfərin təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qüruru olduğunu vurğuladı və xalqımızın birliyinə, igidliyinə yüksək dəyər verdiyini bildirdi.

ADPU Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının dosenti Zərifə Cavadova “Zəfər – ədalətin bərpa olunduğu gün” mövzusunda çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə təkcə hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası, xalqımızın haqq səsinin dünyaya çatdırılması deməkdir.

Bakı Dövlət Universitetinin dosenti Solmaz Sadıqova çıxışında “Heydər Əliyev – 100: Biblioqrafik məlumat kitabı” adlı yeni nəşrini təqdim edərək, bu kitabın Ulu Öndərin zəngin irsini və onun Azərbaycan elminə, təhsilinə verdiyi töhfələri sistemli şəkildə əks etdirən mühüm elmi mənbə olduğunu qeyd edib.

Plenar iclasda həmçinin Vətən müharibəsi iştirakçıları, filial əməkdaşlarının övladları Şaiq Hüseynov, Tural Məmmədov və Şamaxı filialının məzunu, qazi Əliyar Sadıqov çıxış ediblər. Onlar çıxışlarında döyüş yolundan, Vətən uğrunda apardıqları mübarizədən və qazandıqları zəfərin mənəvi dəyərindən bəhs edərək, gənc nəslin hər zaman bu qəhrəmanlıq ruhunu yaşatmasının vacibliyini vurğulayıblar.

Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Təmella Rüstəmova vətənpərvər şairə Mahirə Nağıqızının “Salam olsun” adlı şeirini səsləndirib.

Konfransın plenar iclası böyük ruh yüksəkliyi və Zəfər qüruru ilə yekunlaşaraq bölmə iclasları ilə davam etdirildi.