İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Qələbənin 5-ci ildönümünə həsr olunmuş Beynəlxalq Elmi-Araşdırmalar Konfransı keçirilib.

Konfransa Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən də alim və tədqiqatçılar qatılıb, ümumilikdə 150-yə yaxın elmi məqalə təqdim olunub.

Tədbirdən öncə iştirakçılar Şamaxı şəhərində yerləşən Şəhidlər xiyabanını və ADPU Şamaxı filialının şəhid məzunlarının xatirəsinə ucaldılmış abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsinə ehtiram göstərilib.

ADPU Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə yazılan Zəfər tarixindən, Vətən müharibəsində iştirak etmiş məzunların igidliyindən və qəhrəmanlığından bəhs edib.