ADPU-nun Şamaxı filialının Kitabxana və elektron resurslar şöbəsində 8 Noyabr “Zəfər Günü”nə həsr olunmuş “Milli qürur günümüz” mövzusunda tədbir keçirildi. İlk öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kitabxana və elektron resurslar şöbəsinin müdiri V.N.Razimi giriş sözü ilə bildirdi ki, Azərbaycan xalqı Zəfər salnaməsinin, ədalət uğrunda qətiyyətli qələbəsinin beşinci ildönümünü böyük coşqu ilə qeyd edir. Tədbir diskussiya şəklində davam etdi.
Tarix-coğrafiya müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Qafarova Fidan – “Zəfərin tarixi izi” adlı çıxışında qeyd etdi ki, bu zəfər son 200 illik tariximizdə qazandığımız ən böyük qələbədir. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ili tələbəsi Ağazadə Fatimə – “Qələbə ruhu ədəbiyyatda” adlı çıxışında qeyd etdi ki, zəfər mövzusu ədəbiyyatda ən çox vurğulanan mövzudur. Hər bir şəhid haqqında yazılan misralar həm kədər, həm də qürur doludur. Qələbə ruhlu əsərlər hər bir azərbaycanlının ürəyinin səsi, sevincidir. Gənclər bu əsərlərdən ilham alaraq öz tarixini, şəhidlərini və Vətənini daha dərindən dərk edirlər.
Kitabxana və elektron resurslar şöbəsinin kitabxanaçısı, Vətən müharibəsi iştirakçısı Tural Məmmədovun anası Münəvvər Məmmədova da oğlunun keçdiyi döyüş yolundan bəhs etdi.
İbtidai sinif müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Məmmədli Ayturan – “Mən sən boyda dağ zirvəsi tanımıram” şeirini söylədi.
Bir daha vurğulandı ki, zəfərimiz igid ata-babalarımızın qəhrəmanlıq ənənələrindən, üçrəngli bayrağımızı ucaldanların hünərlərindən, xalqımızın vətən, torpaq məhəbbətindən güc aldı, şəhidlərimizin ruhunu sevindirdi, qazilərimizə qüvvət verdi, torpaq həsrəti ilə uzun illər qovrulanları, həsrətdə olanları istəklərinə çatdırdı, arzularına qovuşdurdu.

