Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə Şamaxı Rayon Mədəniyyət Mərkəzində filologiya elmləri doktoru, professor, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, tanınmış şairə Mahirə Nağıqızının filialın tələbələri ilə görüşü keçirilib.

Görüş ədəbi-bədii, elmi və mənəvi məzmunu ilə seçilib, iştirakçılar arasında dərin maraq doğurub.

Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, onun xatirəsini ehtiramla yad ediblər. Bu an həm ədəbi-bədii görüşün mənəvi atmosferinə, həm də tədbirin ümumi ruhuna xüsusi məna qatıb.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbər şəxsləri, Şamaxı rayonunun təhsil və ictimaiyyət nümayəndələri, eləcə də filialın rəhbərliyi, professor-müəllim heyəti, tələbə və məzunları iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və ADPU Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova qonağı salamlayaraq onun Azərbaycan ədəbiyyatına, elminə və təhsilinə verdiyi dəyərli töhfələrdən, ziyalı mövqeyindən və gənclərin mənəvi-estetik dünyasının formalaşmasında göstərdiyi xidmətlərdən danışıblar.

Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında Mahirə Nağıqızının həm ədəbiyyat, həm də ictimai mühitdə qadın ziyalı nümunəsi kimi rolunu yüksək qiymətləndirib. O, Mahirə Nağıqızının yaradıcılığının gənclər üçün ilham və mənəvi zənginlik mənbəyi olduğunu vurğulayıb.

Görüşdə Əməkdar artistlər Elnur Zeynalov, Elnarə Abdullayeva, Güllü Muradova, “Cahan” muğam qrupunun müşaiyəti ilə İlahə Nəbiyeva və “Eşq” ansamblının müşaiyəti ilə Ruslan Adıgözəlov çıxış ediblər. Səslənən mahnıların sözləri şairə Mahirə Nağıqızının qələminə məxsus olub. Tədbir 26 illik təcrübəyəə malik aparıcı Azər Süleymanlının peşəkar təqdimatı ilə gerçəkləşib.

ADPU Şamaxı filialının tələbələri də tədbirin bədii hissəsində çıxış edərək şairənin şeirlərini səsləndirib, müəllifə ünvanladıqları suallarla görüşü interaktiv və səmimi mühitdə davam etdiriblər. Bu dialoq gənclərin ədəbiyyata, poeziyaya və yaradıcı düşüncəyə olan marağını daha da artırıb.

Görüşün sonunda professor Mahirə Nağıqızı tələbələrə təhsil və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb, onların mənəvi-estetik tərbiyəsində ədəbiyyatın və müəllim əməyinin əvəzsiz rolundan danışıb. O, gənclərə daim elmə, yaradıcılığa, milli dəyərlərə və vətənə bağlı qalmağı tövsiyə edib.