2025-ci il avqustun 22-də Türkmənistanın Avaza şəhərində baş tutan Türkmənistan, Azərbaycan və Özbəkistan liderlərinin yüksək səviyyəli görüşü regionda əməkdaşlıq tarixində mühüm səhifə açdı. Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər bu tarixi sammitin yalnız bugünkü deyil, həm də gələcək perspektivlərini aydın göstərir.

Prezident İlham Əliyev Avazaya ikinci səfərində Türkmənistanda gedən sürətli inkişafı vurğuladı. Onun sözlərinə görə, Qurbanqulu Berdiməhəmmədovun müdrik rəhbərliyi sayəsində ölkə sürətlə abadlaşır, yeni şəhərlər salınır, xalqın rifahı yüksəlir. Görüş zamanı imzalanan sənədlər arasında Türkmənistanın Arxadağ şəhəri ilə Azərbaycanın Füzuli şəhəri arasında “qardaşlaşma” haqqında sənəd xüsusi önəm daşıyır. Bu qərar iki xalq arasında əsrlər boyu mövcud olan dostluğun rəmzi kimi tarixə düşür.

Sammit yalnız siyasi və iqtisadi məsələlərin deyil, həm də humanitar layihələrin müzakirəsinə meydan açdı. İlham Əliyev Türkmənistanın Qarabağda məscid tikintisinə dair təşəbbüsünü minnətdarlıqla qeyd edərək bildirdi ki, bu layihə qardaş türkmən xalqının Azərbaycanın dirçələn Qarabağ bölgəsinə böyük mənəvi töhfəsidir.

Türkmənistan lideri ilə yanaşı, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində irimiqyaslı layihələrin müəllifidir. Xankəndində açılan böyük tikiş fabriki yüzlərlə qadının məşğulluğunu təmin edir. Füzulidə isə 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəb öz qapılarını gənc qarabağlılara açıb.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdəki çıxışında Özbəkistanla münasibətləri “sözdə deyil, əməldə qardaşlıq” adlandırdı. Onun sözlərinə görə, ən çətin məqamlarda belə bu iki ölkə bir-birinə dəstək olub. Sammitin nəticələri də bu həmrəyliyin təsdiqidir.

Sammitdə üçtərəfli əməkdaşlıq formatının yaradılması barədə razılıq əldə olundu. Dövlət başçılarının verdiyi tapşırıqlara əsasən, yaxın görüşlərdə nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft və qaz sənayesi, mədəni əlaqələr sahəsində konkret layihələr təqdim ediləcək.

Prezident İlham Əliyevin sözlərinə görə, bu tarixi görüş regionda yeni, perspektivli və sülhə yönəlmiş əməkdaşlıq modelinin formalaşdığını göstərir.

Bu sammit bir daha sübut etdi ki, Azərbaycan, Türkmənistan və Özbəkistanı birləşdirən dəyərlər yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Xalqların qardaşlığı, mədəni irsə hörmət və qarşılıqlı dəstək bu əməkdaşlığı əsl strateji tərəfdaşlığa çevirir. Avaza görüşü isə üç ölkənin tarixində yeni birliyin başlanğıcı kimi yadda qalacaq.