Müəllif: Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Şəlalə Seyidova
Azərbaycanın Qarabağ zəfərinin ən parlaq səhifələrindən biri Kəlbəcər rayonunun azadlığı və bu torpaqlara həyatın qayıdışıdır. Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə növbəti səfəri bu tarixə yeni bir mərhələ əlavə etdi. Səfər çərçivəsində dövlət başçısı yeni yaşayış komplekslərinin, sosial obyektlərin və infrastruktur layihələrinin təməlini qoydu, bölgənin yeni inkişaf planlarını təqdim etdi.
Kəlbəcərin bu günkü mənzərəsi Azərbaycan dövlətinin gücünü, iradəsini və quruculuq əzmini əks etdirir. Prezidentin səfər zamanı söylədiyi çıxışda vurğuladığı kimi, 32 illik həsrətdən sonra doğma torpaqlara qayıdan kəlbəcərlilər artıq müasir evlərə, yeni məktəblərə, yol və enerji infrastrukturu ilə təmin olunmuş bir şəhərə sahibdirlər. Bu, təkcə qələbənin deyil, həm də müzəffər xalqın quruculuq gücünün göstəricisidir.
Tarixi faktlar bir daha sübut edir ki, Kəlbəcərin işğalı Azərbaycan üçün strateji baxımdan böyük çətinliklər yaratmışdı. 1993-cü ilin aprelində rayonun düşmən əlinə keçməsi, Ermənistanla ovaxtkı Dağlıq Qarabağ bölgəsi arasında coğrafi bağlantı yaradaraq, daha geniş işğal planlarına zəmin olmuşdu. Bu faciəvi səhifə Azərbaycanın iradəsi, milli birliyi və güclü ordusu sayəsində 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı ilə bağlandı. Kəlbəcər bir güllə atılmadan azad edildi, bu da Azərbaycanın düzgün hərbi-siyasi strategiyasının nəticəsi idi.
Prezident İlham Əliyev Kəlbəcərin azad olunması və yenidən qurulması prosesini Azərbaycanın dövlətçilik tarixində xüsusi səhifə kimi dəyərləndirib:
“Biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, məscidlərimizin təhqir olunması, insanların yandırılması və soyqırımlar xalqımızın yaddaşında daim yaşayacaq. Lakin biz böyüklüyümüzü göstərərək quruculuğa üstünlük verdik. Bu torpaqlar yenidən həyat dolu diyar olacaq.”
Məhz bu strategiya nəticəsində Kəlbəcər bu gün müasir Azərbaycanın yenidənqurma simvoluna çevrilib. Prezidentin rəhbərliyi ilə rayonda aparılan genişmiqyaslı işlər – yollar, su elektrik stansiyaları, yaşayış kompleksləri, məktəblər və sanatoriyalar – Kəlbəcəri yaxın illərdə Qafqazın turizm və iqtisadi mərkəzlərindən birinə çevirəcək.
Səfər çərçivəsində dövlət başçısı üçüncü və dördüncü yaşayış komplekslərinin təməlini qoyub, “Balland-Kəlbəcər” arıçılıq mərkəzinin açılışını edib. Bu layihələr bölgənin sosial-iqtisadi inkişafına, kənd təsərrüfatı və turizm potensialının reallaşdırılmasına xidmət edir.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan işğaldan azad olunan torpaqlarda quruculuq missiyasını həyata keçirir. Dövlət başçısının sözlərinə görə, Ermənistanın uzun illər işğal altında saxladığı bütün şəhər və kəndlər yerlə-yeksan edilib, Kəlbəcərdə bircə salamat bina belə qalmayıb. O qeyd etdi ki, bu dağıntılar sadəcə hərbi əməliyyatların nəticəsi deyil, planlı şəkildə aparılan vandalizmin və vəhşiliyin göstəricisidir.
İşğal dövründə Ermənistan cəmiyyəti talançılığı əsas gəlir mənbəyinə çevirib, bu isə həmin dövlətin və cəmiyyətin “xəstə” ideologiyasını açıq nümayiş etdirir. O vurğuladı ki, Azərbaycan xalqı bu illər ərzində heç bir səbəb olmadan vəhşiliklə üz-üzə qalıb, şəhər və kəndlər dağıdılıb, məscidlər təhqir olunub, dinc insanlar qətlə yetirilib. Hətta İkinci Qarabağ müharibəsindən sonra da Ermənistan tərəfi vasitəçilər vasitəsilə torpaqları tərk etmək üçün əlavə vaxt istəyib, lakin bu fürsətdən də sui-istifadə edərək evləri yandırıb, ağacları kəsib, torpağa qəsdən ziyan vurublar. Prezident İlham Əliyev qeyd etdi ki, bu vandalizm təkcə bir neçə separatçının deyil, bütövlükdə işğalçı siyasətin nəticəsi idi.
“Bu faktlar bir daha göstərir ki, Azərbaycan hansı qonşu ilə üz-üzədir. Biz bütün bunları unutmamalı, tarixdən dərs çıxarmalı və gələcəyə daha ayıq baxmalıyıq”, – deyə dövlət başçısı vurğuladı.
Azərbaycan xalqı Kəlbəcərin bu günkü inkişafına böyük qürurla baxır. Bu rayon artıq işğalın simvolu deyil, zəfərin, birliyin və quruculuğun nümunəsidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan bu gün regionda sülhün əsas təminatçısıdır, düşmənlə münasibətlərdə ədaləti təmin etmiş, beynəlxalq səviyyədə öz gücünü sübut etmişdir.
Bu gün Kəlbəcər torpaqları üzərində dalğalanan üçrəngli bayraq Azərbaycanın möhtəşəm qələbəsinin, dövlətçilik iradəsinin və xalqın əzminin əbədi simvoludur.

