Yeni Azərbaycan Partiyasının
VII qurultayı: tarixin dərsləri, uğurlar və perspektivlər
Ötən əsrin 80-ci illərində keçmiş sovetlər birliyinin hər yerində milli azadlıq hərəkatı güclənmiş, imperiyanın buxovlarını qırmaq üçün yerlərdə nəhəng etiraz mitinqləri keçirilməyə başlamışdı. Nəhayət, Sovet imperiyasının çöküşü dünyanın siyasi xəritəsinin yeni konturlarını cızdı, müstəmləkədə olan xalqlar milli müstəqillik əldə etdilər. Azərbaycan öz müstəqilliyi uğrunda mübarizəyə qalxaraq azadlığını bəyan etdi. 1990-cı illərin əvvəllərindəki gənc müstəqil Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə təsadüfi adamlar gəlmişdi, eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlar kimi – təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari.
Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdü, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı. Vəziyyət o qədər gərginləşmişdi ki, silahlı kiçik dəstələr evlərə soxulur, iş adamlarını təhdid edir, talançılıqla məşğul olurdular. Xaos hökm sürməkdə idi. Beləliklə, Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı yerləşdiyi bölgədə təcrid etmişdi.
Ötən əsrin 90-cı illərində siyasi hakimiyyətə gələn səriştəsiz AXC-Müsavat cütlüyü ölkəni nəinki dirçəltdi, əksinə, düşünülməmiş siyasi gedişləri ilə uçuruma sürüklədi. Bundan istifadə edən Ermənistan dövlətimizin ərazi bütövlüyünü kobudcasına pozaraq torpaqlarımızı işğal etməyə nail oldu. Hərbi məğlubiyyət daxili böhranla tamamlandı. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdu. AXC-Müsavat hakimiyyətinin ifrat səriştəsizliyi, ölkənin təcrid olunmuş vəziyyətə düşməsi, daxildə vətəndaş müharibəsi təhlükəsi Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi zərurətə çevirmişdi.
YAP Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar – məşhur “91-lər” Ulu Öndərə müraciət edərək onu Bakıya dəvət etdilər ki, xalqı bu bəladan xilas etsin. Həmişə olduğu kimi, xalq Heydər Əliyevi özünün xilaskarı hesab edirdi. Ulu Öndər xalqın təkidli tələbi ilə Bakıya gələrək böyük bir tarixi vəzifəni öz çiyinlərinə götürdü, səbr və təmkinlə, heyrətamiz siyasi təfəkkürlə Azərbaycanı yenidən qurmağa başladı. Ulu Öndər xalqı vahid bir platformada birləşdirmək üçün Yeni Azərbaycan Partiyasını təsis etdi, xalqın ən layiqli övladları onun ətrafında yumruq kimi birləşdi. Təsis qurultayı Naxçıvanda oldu.
YAP-ın təsis qurultayının Naxçıvanda keçirilməsi səbəbi o idi ki, Bakıda buna imkan verilməmişdi. Heydər Əliyev fenomenindən o qədər qorxurdular, öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər bu qurultay Bakıda keçirilsə, bunların hakimiyyətinə son qoyulacaqdır.
1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı.
Bu gün siyasi hakimiyyətdə təmsil olunan YAP-ın düzgün siyasəti nəticəsində Ermənistan bir dövlət kimi bölgədə gedən bütün iqtisadi layihələrdən təcrid edilmiş vəziyyətdədir, bu isə düşmən dövləti səfalət vəziyyətinə salmışdır. Azərbaycan isə bütün qonşularla çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər qurub. Əgər bu sahədə hazırlıq işləri aparılmasaydı, İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi.
Dərsliklərdə bu tarixlə bağlı geniş məlumatlar verilməli, yeni gənc nəsil bunu öyrənməli, o tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın.
Bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi.
1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olmuş, dövlətçiliyin əsasları qoyulmuşdur. Bu, Ümummilli Lider Heydər Əliyevin heyrətamiz siyasi fəaliyyəti nəticəsində mümkün olmuşdur. O, vaxtı keçmiş 20 Yanvar faciəsinə siyasi qiymət verilməsinə, müstəqil dövlətin konstitusiyasının qəbul edilməsinə, Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzurasının ləğvinə, siyasi islahatlara start verilməsi və çoxpartiyalı sistemin yaranmasına, Azərbaycanın beynəlxalq təcriddən çıxaraq, hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmasına, ölkəyə böyük investisiyalar cəlb edilməsinə nail olmuş, ordu quruculuğuna start vermişdir.
2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs verərək, onun layiqli varisi İlham Əliyevə etimad göstərmişdir. Təsadüfi deyil ki, Azərbaycan son 17 il ərzində tarixi uğurlara imza atıb.
Cənab Prezident İlham Əliyev tarixi qələbədən sonra bütün dünyaya bəyan etdi ki, biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik və buna bu gün nail olduq.
Prezident İlham Əliyev açıq şəkildə bütün müsahibə və çıxışlarında bildirir ki, Azərbaycanda iqtidarın siyasəti xalq tərəfindən məhz ona görə dəstəklənir ki, iqtidarın siyasəti xalqın maraqlarını güdür. Dövlət iqtisadi müstəqilliyin təmin edilməsini qarşıya hədəf olaraq qoymuş və bu hədəfə nail olunmuşdur. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik.
Çox mötəbər təşkilat tərəfindən dünyanın 60-dan artıq suveren fondlarının təhlili aparılıb və Azərbaycan Dövlət Neft Fondu bütün parametrlər, bütün meyarlar üzrə beşinci yerdədir.
Davos İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan iqtisadi inkişaf baxımından, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlayıb.
Ali Baş Komandan İham Əliyev tarixi qələbəmizi şərh edərək bildirir ki, bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir.
Əsrləbr boyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu. Azərbaycan mütləq qələbəni qazandı, düşməni darmadağın etdi.
Azərbaycan yeni dövrə qədəm qoyur. Konseptual nöqteyi-nəzərdən bütün baxışlar yerindədir. Amma həyat və xüsusilə Qarabağın bərpası ilə bağlı məsələlər planlara müxtəlif korrektələr edəcək.
Bildiyimiz kimi, 2021-ci il martın 5-də YAP-ın VII qurultayı keçirildi. Qurultayda Azərbaycanın bütün bölgələrini, rayon və şəhər təşkilatlarını təmsil edən 194 nümayəndə iştirak etdi.
VI qurultaydan ötən 3 il ərzində Prezident və parlament seçkiləri keçirilib. Bu seçkilərlə ölkəmizdə gedən islahatlar yeni bir mərhələyə qədəm qoyub.
Azərbaycan genişmiqyaslı islahatlar aparır, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. YAP-ın bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalması üçün rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olmalı, ümumi işə öz töhfələrini verməlidirlər.
Ölkə Başçısı aydın şəkildə bildirir ki, bütün sahələrdə, o cümlədən siyasi islahatlar sahəsində ən müasir təcrübə Azərbaycanda tətbiq edilsin; YAP bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olsun; 3 ay müddətində YAP-ın yeni proqramı hazırlansın. Bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir; YAP üzvləri şəhid ailələrinə qayğı, diqqət göstərməlidirlər; Böyük Qayıdış proqramı icra olunmağa başlayanda məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesində də sosial ədalətin gözlənilməsi üçün YAP fəalları öz rolunu oynamalıdırlar; Təhsil müəssisələri gənc nəslin tərbiyə edilməsinə xüsusi diqqət yetirməlidir; Siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar; Veteranlar Şurasının üzvləri də bölgələrdə gənc nəslin nümayəndələri ilə görüşlər keçirərək 90-cı illərin həqiqətləri, xarici dairələrin məkrləri haqqında gəncləri maarifləndirməlidirlər; Ölkəmizdə tolerant mühitin, etnik-dini icmalar arasında dostluq, mehriban münasibətlərin qorunmasına, Azərbaycanın multikulturalizm mərkəzlərindən biri kimi təbliğinə bundan sonra da xüsusi diqqət yetirilməlidir; Müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində YAP və bütün cəmiyyət fəal olmalıdır. Bu tələblər gələcəyimizin daha uğurlu olması üçün hədəflənmişdir.
Cənab İlham Əliyevin YAP-ın VII qurultayındakı tarixi çıxışı Azərbaycan Respublikasının uğurlu gələcəyinin proritetləridir. Biz siyasi liderin ətrafında sıx birləşməklə Ulu Öndərin dediyi kimi, dünyaya günəş kimi doğacaq, yeni Azərbaycan quracağıq.