Şamaxı rayon İcra hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon Təşkilatı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmışdır” mövzusunda tədbir keçirildi.
İlk olaraq torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ardınca Yeni Azərbaycan Partiyasının yaranmasına və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olundu.
Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin və ümummilli maraqların təmin edilməsi naminə cəmiyyətimizin bütün təbəqələrinin qüvvəsini səfərbər edən partiya kimi yaradılıb. Yeni Azərbaycan Partiyası zərurətdən yaranan bir partiyadır və uzun illərdir Ulu Öndər Heydər Əliyev, daha sonra isə cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində, ətrafına daha çox gəncləri toplayaraq uğurla fəaliyyət göstərir.
Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının xalqımızın sosial, siyasi və iqtisadi həyatında səbəb olduğu böyük irəliləyişlərdən bəhs etdi. Ulu Öndər Heydər Əliyevin sözü ilə desək “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. YAP fəaliyyət göstərdiyi bütün zamanlarda dövrün tələbini nəzərə alaraq çalışmışdır. YAP-ın fəaliyyətində əsas və yeganə yol demokratiya yoludur. Bundan əlavə YAP-ın müstəqil Azərbaycan dövlətçiliyi tarixində oynadığı müstəsna roldan, reallaşdırılan uğurlu milli quruculuq siyasətindən, təhsilin müasirləşdirilməsi, inkişafı istiqamətində atılan addımlardan ətraflı bəhs etdi.
Daha sonra filialın YAP təşkilatının sədri, tədris və elmi işlər üzrə direktor müavini, f.ü.f.d Şasəddin Mikayılov hesabat xarakterli çıxış etdi. O, partiyanın yaradılmasından və onun ictimai-siyasi fəaliyyətindən ətraflı bəhs etdi.
Ardınca Sosial və xüsusi fənlər kafedrasının dosenti Mayıl Alıcanov – Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin xilaskarıdır, Tələbə Gənclər Təşkilatının sədri Nuranə Mirzəyeva – Yeni Azərbaycan Partiyası və Azərbaycan gəncliyi mövzusunda çıxış etdi, tələbəmiz Səbinə Salmanlı Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirini səsləndirdi.
Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı tərəfindən Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü münasibətilə partiyanın həyatında səmərəli və məhsuldar fəaliyyətinə görə ADPU-nun Şamaxı filialına “Fəxri fərman” təqdim olundu.
Son olaraq partiyaya yeni üzv olmuş əməkdaş və tələbələrə üzvlük vəsiqələri təqdim olundu.
Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə tədbir başa çatdı.