YAP Şamaxı rayon təşkilatının yaranmasının 29-cu il dönümü ilə əlaqədar tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının yaranmasının 29-cu il dönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və partiya fəalları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.Tədbirdə YAP-ın qurucusu, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, müstəqilliyimizin ilk illərində YAP-ın yaranması tarixi zərurətə çevrilmişdi. Onun sözlərinə görə, Azərbaycanın parçalanması təhlükəsi xalqımızın ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün çağırışlarını gücləndirirdi. Azərbaycanda həyata keçirilən islahatların davamlı xaraket aldığını söyləyən Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, qarşıya qoyulan əsas vəzifə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri nəticəsində postmünaqişə dövrünün reallıqlarının gerçəkləşdirilməsi, soydaşlarımızın işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışının tezləşdirilməsidir.

Daha sonra çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri, ADPU-nun Şamaxı filialının Sosial və Pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov YAP Şamaxı rayon təşkilatının yaradılmasından, o dövrdə bu işə mane olan çətinliklərdən, daha doğrusu, bəzi siyasi qüvvələrin əks-fəaliyyətindən bəhs etdi. O qeyd etdi ki, rayonda ən fəal ziyalılardan 17 nəfər fədakar şəxsin təşəbbüsü ilə 29 il əvvəl yaradılan YAP Şamaxı rayon təşkilatı hazırda səkkiz mindən çox rayon sakinini öz ətrafında birləşdirir. O bir daha qeyd etdi ki, müasir dövrdə artıq bütün bu siyasi çətinliklər  geridə qalıb, və bu gün YAP unikal, möhkəm idarəçilik siyasətinə malik olan bir partiya kimi fəaliyyət göstərir.

Ardınca çıxış edən  ADPU-nun Şamaxı filialının tədris və elmi işlər üzrə direktor müavini, 9 saylı ilk Partiya təşkilatının sədri, f.ü.f.d Şasəddin Mikayılov partiyanın yaradılmasından sonrakı dövrdə onun ictimai-siyasi fəaliyyətindən bəhs etdi. O, regionda H. Əliyev mədəni irsinin daha da dərindən öyrənilməsi və bu sahədə maarifləndirmə işlərinin gücləndirilmədi ilə bağlı təkliflər irəli sürdü. Bunu da qeyd etdi ki, ilk partiya təşkilatından 20 nəfər məzunumuz Vətən müharibəsində qəhrəmancasına vuruşmuş, və onlardan şəhid olmuş 2 nəfərin- Leytenant Əzizov Elgün və Leytenant Nəbiyev Orxanın xatirəsi filialın həyətyanı sahəsində əbədiləşdirilmişdir.

Son olaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası varislik prinsipinə əsaslanır. Partiya sıralarında müxtəlif yaş tərkibindən olan üzvlər fəaliyyət göstərir. Partiya təşkilatında fəaliyyət göstərən ziyalılar gənclərdə vətənpərvərlik dünyagörüşünün formalaşmasında böyük rol oynayırlar.

Sonda bir qrup partiya fəalına Fəxri fərmanlar təqdim olunub.

Paylaşın: