Sosial və xüsusi fənlər kafedrasının müəllimi Yaqut Qasımova.
İyirmi il əvvəl – 1992-ci il noyabrın 21-də gənc respublikamızda çox əlamətdar hadisə baş vermişdir. Tarixi hadisə baş vermişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, doğrudan da tarixi hadisə idi. Deyə bilərəm ki, gənc dövlətimiz üçün dönüş nöqtəsi idi. Çünki müstəqilliyimizin ilk ayları, ilk illəri hamımızın yaxşı xatirindədir. Çox ağır, faciəvi illər idi. O vaxtkı iqtidarın müstəqilliyi saxlamaq üçün gücü çatmırdı. Eyni zamanda, biz müharibə şəraitində yaşayırdıq və cəbhədə hərbi uğursuzluqlar əlbəttə ki, cəmiyyətimizi böyük dərəcədə sarsıtmışdı. 1992-ci ilin mayında Şuşa və Laçının işğala məruz qalması əlbəttə ki, çox böyük faciə idi. Ancaq 1992-ci ilin ortalarında hakimiyyətə gəlmiş yeni iqtidar ölkəmizi daha da bərbad vəziyyətə qoymuşdu. O vaxtkı iqtidarın bacarıqsızlığı, peşəkarsızlığı, xəyanəti nəticəsində demək olar ki, müstəqilliyimiz əldən gedirdi. Ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül, siyasi sabitsizlik demək olar ki, müstəqilliyimizə böyük zərbələr vurmuşdu. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, ziyalılar, cəmiyyətimizdə böyük hörmətə malik olan insanlar ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərara gəlmişlər.
Ölkəmizdə çox ciddi islahatlar aparıldı. Bütün xoşagəlməz halların qarşısı alındı, sabitlik bərpa edildi, vətəndaş müharibəsinə son qoyuldu. Azərbaycan dünya birliyinə inteqrasiya etməyə başladı. Bizim xarici siyasətimiz nəhayət ki, məqsədyönlü siyasətə çevrildi və bu gün bu siyasət davam etdirilir. O illərdə vacib olan islahatlar bu gün də ölkəmizin inkişafına xidmət göstərir. Həm demokratik, siyasi islahatların dərinləşməsi, eyni zamanda, iqtisadi sahədə islahatlar demək olar ki, bugünkü Azərbaycan reallıqlarını şərtləndirir. Eyni zamanda, onu da qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda əslində siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq.
Təsis konfransının Naxçıvanda keçirilməsi də onunla əlaqədar idi ki, o vaxtkı iqtidar bu tədbirin Bakıda keçirilməsinə imkan yaratmadı. Bu gün özünü demokrat adlandıran, ancaq 20 il ərzində demokratiyanın nə olduğunu anlamayan o vaxtkı iqtidar imkan vermədi ki, adi demokratik proses paytaxtda həll olunsun. Ancaq buna baxmayaraq, partiyamızın ideyaları, ulu öndərin müdrikliyi, onun cəmiyyətdəki nüfuzu və rolu partiya qarşısında heç bir maneənin mövcudluğunu nəzərdə tutmurdu. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir. Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Bu gün sıralarımızda 600 minə yaxın üzv vardır.
1990-cı illərdə köklü iqtisadi və siyasi islahatlar zəruri idi. Ancaq o illərdə islahatların hansı istiqamətdə getməsi haqqında müxtəlif fikirlər var idi. Xarici siyasət, onun istiqamətləri ilə bağlı müxtəlif fikirlər var idi. Ulu öndərin müdrikliyi hər bir istiqamət üzrə çox konkret və dəqiq proqramın formalaşmasında çox mühüm rol oynamışdır. Biz bu gün bu yolla gedirik. Bu gün Heydər Əliyev siyasəti davam etdirilir və əlbəttə ki, zənginləşdirilir. Azərbaycanın uğurlu inkişafının təməli məhz o illərdə qoyulmuşdur.
Azərbaycanda böyük infrastruktur layihələri həyata keçirilməklə, biznes mühitini yaxşılaşdırmaqla, xarici investorları ölkəmizə dəvət etməklə də biz demək olar ki, iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Təsadüfi deyildir ki, bu gün Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə kimi tanınır. Siyasi sabitlik baxımından Azərbaycan bir çox ölkələr üçün örnəkdir, nümunədir.
Əslində, dövlətçiliyimizin, həm siyasi, həm iqtisadi və ideoloji sahələrdə əsasları 1990-cı illərin ortalarında qoyulmuşdur.
Ulu öndərin baxışları real konkret proqramlarda öz əksini tapmışdır. Bizim ideologiyamızın formalaşması çox mühüm məsələ idi. Çünki biz onilliklər ərzində Sovet İttifaqının tərkibində yaşamışdıq. Əlbəttə, ideoloji çərçivələr çox məhdud idi.
Yeni, gənc müstəqil ölkəmizin ideoloji əsaslarının formalaşdırılması məsələsi çox böyük əhəmiyyət kəsb edirdi.
Biz o illəri yaxşı xatırlayırıq və müxtəlif istiqamətlərdə humanitar məsələlərin həlli, Azərbaycan dilinin təbliği ilə bağlı ulu öndərin tarixi xidmətləri vardır. Azərbaycan dilini dövlət dili kimi təsdiqləmək məsələləri də məhz onun təşəbbüsü ilə həyata keçirilmişdir. Azərbaycançılıq fəlsəfəsi, ilk növbədə Heydər Əliyevin təşəbbüsü idi və bu ideologiya bütün cəmiyyəti birləşdirir. Bu ideologiya həm tarixə, həm də müasirliyə əsaslanır. Həm tarixi keçmişimizi özündə ehtiva edir, eyni zamanda, bizim bu sahədə bugünkü siyasətimizi əhatə edir. Bu istiqamətdə atılan addımlar dünya tərəfindən artıq bilinir və təqdir edilir.
Biz hesab edirik ki, bu proses bundan sonra da getməlidir. Əlbəttə, partiyamızın çox möhkəm dayaqları, çox güclü əsasları vardır. Ancaq həyat inkişaf edir, həyat yerində durmur və biz əlbəttə ki, partiya daxilində dünyada gedən prosesləri izləyirik və partiyamızın fəaliyyətinin yeni formalarının axtarışındayıq, onları tətbiq edirik. Bu, bizə imkan verəcək ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi arenasında daim üstünlük təşkil etsin.
Əlbəttə, həqiqət ondan ibarətdir ki, bu gün siyasi müstəvidə bizə rəqib ola biləcək siyasi qüvvə yoxdur. Ancaq bu, o demək deyil ki, biz arxayınlaşmalıyıq və yeni iş metodları haqqında fikirləşməməliyik. Biz daim axtarışda olmalıyıq, daim yenilikləri tətbiq etməliyik. Ölkəmizin uğurlu inkişafını təmin etmək üçün partiyanın hər bir üzvü öz fəal işi ilə töhfəsini verməlidir.
Biz bu gün Azərbaycanda böyük məsələləri həll edirik. Həm ölkə daxilində, həm regionda, həm xaricdə, dünya birliyində gedən proseslərdəki rolumuz artmaqdadır. Bizim xarici siyasət konsepsiyamızı da ulu öndər Heydər Əliyev qurmuşdur. Bu konsepsiya bu gün uğurla icra edilir.
Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkəyə çevrilibdir. Bunun əyani sübutu keçən il BMT Təhlükəsizlik Şurasına seçilməyimizdir. Böyük rəqabət şəraitində, eyni zamanda, böyük dəstəklə biz bu yerə layiq olmuşuq. Bir il ərzində Azərbaycan dünyada gedən qlobal məsələlərin həllində fəal rol oynayıb. Bu rol dünya birliyi tərəfindən qiymətləndirilir.
Təhlükəsizlik Şurasına üzv olarkən bəyan etdiyim yanaşmamız, – yəni, biz ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik, – həyatda öz əksini tapır. Bizim namizədliyimizi 155 ölkə dəstəkləmişdir. Bu hadisə xarici siyasətimizin nə qədər düzgün və səmərəli olduğunun bariz nümunəsidir. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv olarkən biz dünya birliyinin mütləq əksəriyyətinin dəstəyini qazanmışıq.
Bu dəstək dərhal Qoşulmama Hərəkatının zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallığı, beynəlxalq hüququ, Azərbaycan mövqeyini əks etdirən qətnamədə də öz əksini tapmışdır.
Mən xarici siyasətimizin əsas istiqamətləri haqqında öz fikirlərimi kifayət qədər geniş bildirmişəm, bunu təkrar etməyə ehtiyac yoxdur. Sadəcə, qeyd etmək istəyirəm ki, xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz öz səylərimizi davam etdirəcəyik və davam etdiririk. Bir daha demək istəyirəm ki, mövqeyimiz çox möhkəmdir, beynəlxalq hüquqa, tarixə, ədalətə və artan gücümüzə əsaslanır. Biz danışıqları aparırıq, eyni zamanda, hərbi gücümüzü artırırıq və artıracağıq.
Bu gün Ermənistan ilə Azərbaycan arasında yaranmış uçurum artıq çox böyükdür, gündən-günə genişlənir. Azərbaycan ildən-ilə güclənir və möhkəmlənir. Ermənistan isə ildən-ilə zəifləyir və tənəzzülə uğrayır. Ermənistandan başqa ölkələrə müşahidə olunan kütləvi köç, insanların köçməsi bunun əyani sübutudur.
Biz Ermənistanı təcrid etmək üçün bundan sonra da səylərimizi göstərəcəyik. Bu siyasətin nəticələri vardır. Biz bu nəticələri görürük. Ermənistanın işğalçı siyasətini bütün beynəlxalq təşkilatlarda bundan sonra da ifşa edəcəyik. Bizim dünyadakı dostlarımızın sayı artır. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz indi xarici ölkələrə müxtəlif istiqamətlər üzrə investisiya qoyuluşuna başlamışıq. Bu, yeni prosesdir. Biz bu prosesi gücləndirəcəyik. Beləliklə, bütün dünya ölkələri ilə siyasi və iqtisadi əlaqələr gələcəkdə daha da möhkəm olacaqdır. Artıq üç ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanımışdır. Bu proses artıq başlanmışdır və davam etdiriləcəkdir. Çalışmalıyıq ki, Xocalı soyqırımını maksimum dərəcədə müxtəlif ölkələrdə soyqırımı kimi tanıtdıraq. Yəni, ortamüddətli və uzunmüddətli perspektiv baxımından Azərbaycanın ərazi bütövlüyünün bərpası heç kimdə şübhə doğurmur. Nə bizdə, nə də ki, bu məsələ ilə məşğul olan vasitəçilərdə. Məhz ona görə də biz hesab edirik ki, son zamanlar beynəlxalq vasitəçilər məsələnin həllində daha da böyük fəallıq göstərirlər. Çünki hamı yaxşı bilir ki, Azərbaycanın artan siyasi- iqtisadi və hərbi gücü məsələnin birdəfəlik Azərbaycanın xeyrinə həll olunmasına gətirib çıxaracaqdır.
Bu gün Azərbaycanda internet istifadəçilərinin sayı 65 faizə çatmışdır və biz hər bir kəndə internet xətləri çəkirik. Belə olan halda, hansı mətbuat azadlığının boğulmasından söhbət gedə bilər?! Bu, yalandır, bu, böhtandır. Bu böhtanları yayan, xüsusilə, yüksək vəzifə tutan insanlar utanmalıdırlar ki, onlar böhtanla, yalanla məşğul olurlar. Onsuz da bugünkü dünyada heç nəyi gizlətmək mümkün deyildir. Bəlkə 10 il, 20 il bundan əvvəl nəyisə demək, hansısa ölkə haqqında rəy yaratmaq daha da asan idi. Bu gün bu, mümkün deyildir. Azərbaycana yüz minlərlə, milyonlarla xarici qonaq gəlir.
Yəni, bu kütləvi narazılığın səbəbləri vardır. Səbəb olmasa, bu qədər insan küçələrə axışmaz. Səbəb də aydındır və bəllidir. Uzun illər iqtisadi əsaslar olmadan böyük xərclər etmiş, borclanmış və ondan sonra borcları qaytara bilməyən, bir-birini əvəzləyən iqtidarlar populist vədlər verməklə faktiki olaraq gələcək nəsillərin ciblərinə girmiş və böyük dərəcədə borclanmışlar. İnkişaf etmiş bəzi ölkələrin xarici dövlət borcu ümumi daxili məhsulun 100 faizinin üstündədir. Bu, əslində o deməkdir ki, bu ölkələr artıq iflasa uğrayırlar. Azərbaycanda isə bu rəqəm 7-8 faizdir.
Bəzi inkişaf etmiş ölkələrdə işsizliyin səviyyəsi 25 faizdir. Gənclər arasında 50 faizə çatır. Azərbaycanda isə işsizlik 5,3 faiz, yoxsulluq isə 7,6 faizdir. Beynəlxalq nüfuza malik olan əsas reytinq agentlikləri inkişaf etmiş ölkələrin kredit reytinqlərini aşağı salır, Azərbaycanın kredit reytinqlərini qaldırırlar. Yəni, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətli iqtisadiyyatdır. Makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında birinci onluqdadır. Bütün bunlar statistik göstəricilərdir. Bunu inkar etmək olmaz. Bunu nəzərə almamaq olmaz. Bu, reallıqdır. Bu reallıq bir daha onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. Bu yol 1992-ci ilin noyabrında başlamışdır. Əgər o vaxt Yeni Azərbaycan Partiyası yaranmasaydı və Azərbaycan xalqı növbəti dəfə öz müdrikliyini göstərib ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, ölkəmizin inkişafı tam başqa istiqamətdə gedə bilərdi. Hansı istiqamətdə gedə bilərdi? Bunu bu gün biz özünü müxalifət adlandıran elementlərin hərəkətlərində görə bilərik. Əgər onlar iqtidarda qalsaydı, bəlkə də Azərbaycan dünya xəritəsindən çoxdan silinmişdi. Çünki onların cəmi bir il ərzində talançı, rüsvayçı, biabırçı hərəkətləri artıq Azərbaycan xalqını o həddə çatdırmışdı ki, bir il də dözə bilməyərək onları süpürüb tarixin arxivinə göndərmişdir.