Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş onlayn anım tədbiri keçirildi.
25 fevral tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş onlayn anım tədbiri keçirildi. Tədbirdə filialın rəhbərliyi, müəllim və tələbə heyəti və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyi və əməkdaşları iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Könül Eyvazova bütün tədbir iştirakçılarını salamladı və tədbirin mahiyyətindən, Xocalı faciəsinin tarixindən bəhs etdi. Çıxışın ardınca sözü əməkdar jurnalist, yazıçı, 91-lərin üzvü, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Tahir Məmmədliyə təqdim etdi. O, öz çıxışında Xocalı faciəsinin tarixindən və bəşəriyyətə qarşı törədilən bu cinayətin soyqırım kimi tanınması üçün görülən fəaliyyətlərdən söz açdı.
Daha sonra ADPU-nun Şamaxı filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova çıxışın edərək qan yaddaşımız olan Xocalı soyqırımının həqiqətlərini hər zaman dünya ictimaiyyətinə çatdırmağın əhəmiyyətini vurğuladı Ali təhsil müəssisəsi olaraq başlıca vəzifənin bu dəhşətli faciəni unudulmağa qoymamaq, onu bütün gerçəkliyi ilə gələcək nəsillərimizə ötürmək olduğu qeyd olundu. Ş.Seyidova çıxışın sonunda bütün şəhidlərimizə Allahdan rəhmət dilədi.
Ardınca çıxış edən Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Sevinc Baxşiyeva “Xocalı soyqırımı bədii ədəbiyyatda” və Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Səməngül Abdullayeva isə dünya mətbuatında Xocalı faciəsinin faktlarının işıqlandırılmasından nümunələr göstərməklə söz açdılar.
Tədbirdə filialın tələbələrinin çıxışlarına da yer verildi. Dil-ədəbiyyat müəllimliyi ixtisasının tələbəsi Nuranə Mirzəyeva filialımızda hər il soyqırıma həsr olunan, tədbirlərdən, gələcəyin müəllimi olan tələbələrin vətənpərvərlik ruhunun artırılması sahəsində aparılan işlərdən bəhs etdi. Sonda filialın tələbələri soyqırıma həsr olunmuş şeir kompozisiyaları səsləndirdilər.
Ordumuzun Ermənilər üzərində qələbə qazanması və işğal altında olan torpaqlarımızın yenidən geri qayıtması Xocalı qurbanlarımızın əziz xatirəsinə hörmət və ehtiram kimi yad edildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!