Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirən Bəyanat

Sosial və pedaqoji elmlər kafedrasının müdiri,      dosent Mayıl Alıcano

XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.

 

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə səfərbər və həmrəy oldu.

 

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

 

8 noyabr 2020-ci ildə Şuşanın işğalçılardan azad edilməsi düşməni çıxılmaz vəziyyətdə qoydu və Rusiya, Azərbaycan, Ermənistanın iştirakı ilə  10 noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən bəyanat  imzalandı. Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi.

 

10 noyabr tarixli Üçtərəfli Bəyanatın imzalanması ölkəmiz üçün tarixi bir hadisədir. İmzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və uzun illər davam edən işğala son qoyuldu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu, Ermənistan ordusu darmadağın edildi.

 

44 günlük Vətən müharibəsində bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə ali baş komandanın çıxışlarını, cəbhədən gələn xəbərləri izləyib, uğurlara sevinib. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Həmrəylik bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Üçtərəfli Bəyanatın imzalanması ümumxalq birliyinin təntənəsidir.

 

Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlanmışdır. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Üçtərəfli Bəyanatın imzalanması status-kvonu dəyişdi. Qarabağa heç bir status verilmədi. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.

 

Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrinədir. Çünki Ermənistan bu müharibədə hər hansı bir uğur əldə etməyib. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Azərbaycanın qələbə qazanmasını şərtləndirdi.

 

Münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı. Bəyanatın imzalanması ilə Azərbaycan  Vətən müharibəsində öz parlaq qələbəsini rəsmiləşdirdi.

 

Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən ətraflı öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. 10 noyabr tarixli Üçtərəfli Bəyanat ölkəmizin şərtsiz hərbi üstünlüyünü təsdiq etdi. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaqdır.

 

Vətən müharibəsində qardaş Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. Türkiyənin qəti mövqeyi və açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə  yüksək işbirliyinin təminatıdır.

 

Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb. Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərmişdir.  İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq.

 

10 noyabr tarixli Üçtərəfli Bəyanat yaradılmış yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi. Bəyanatın beşinci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərir. Beləliklə,Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayır.

 

Üçtərəfli Bəyanat Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını təsdiq edir. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyinin Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunması onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyildir.

 

Məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək. Razılaşmaya əsasən, daxili məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaqlar.

 

30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, “Dağlıq Qarabağ”da yeni erməni dövlətinin yaradılması, “Böyük Ermənistan” planları pozuldu. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.  Üçtərəli  Bəyanatın imzalanması ilə Rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoyuldu.

 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi və bununla da erməni miflərinə son qoyuldu. Bundan sonra Ermənistanın silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.

 

Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.

 

Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Sosial və pedaqoji elmlər kafedrasının müdiri,      dosent Mayıl Alıcanov

 

Paylaşın: