Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Şəlalə Seyidova.

“Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan.”

Zuğulbadakı Pansionatda müvəqqəti məskunlaşan qaçqınlarla görüşdə çıxışından (21 may 1994-cü il);

“Rumın xalqı öz gözəl işləri, qəhrəmanlıq tarixi, istiqlaliyyət uğrunda mübarizəsi ilə dünyada məşhurdur. Azərbaycanda Rumıniyanı, rumın xalqını yaxşı tanıyır, onun tarixinə, qədim mədəniyyətinə, ədəbiyyat və incəsənətinə yaxşı bələddirlər.”

Rumıniya Prezidenti İon İliyeskunun Azərbaycan Prezidentinin şərəfinə təşkil etdiyi rəsmi qəbulda nitqindən (Buxarest, 1 iyul 1995-ci il);

“Azərbaycan müstəqillik əldə edəndən sonra Türkiyə Cümhuriyyəti ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr qurmuşdur və bunlar dostluq, qardaşlıq prinsiplərinə, bizim tarixi köklərimizə əsaslanır. Müstəqillik yolu ilə getdiyi bir dövrdə bu əlaqələr Azərbaycan xalqına çox kömək edir və bizim üçün çox əhəmiyyətlidir.”

Türkiyə Respublikasının Baş naziri xanım Tansu Çillərin şərəfinə rəsmi ziyafətdə nitqindən (10 iyul 1995-ci il);

“Biz sülhsevər ölkəyik, Azərbaycan xalqı sülhsevər xalqdır. Biz bütün xalqlarla xüsusən də həmsərhəd, qonşu olduğumuz, tarixən ənənəvi əlaqələr saxladığımız ölkələrlə, xalqlarla dostluq qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamaq istəyirik. Bununla yanaşı, hamı bilməlidir ki, biz heç kimə bir qarış da olsun, torpağımızı güzəştə gedə bilmərik. Əgər dünya həqiqətən beynəlxalq hüquq normalarını tanıyırsa, əgər dünyada insan hüquqları real şəkildə qorunursa, onda heç kəs Azərbaycanın bu gün düşdüyü vəziyyətlə razılaşmamalıdır.”

Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Vladimir Şumeykonun şərəfinə təşkil edilən qəbulda nitqindən (14 iyul 1995-ci il);

“Azərbaycan xalqı ilə alman xalqı arasında böyük tarixi əlaqələr var. Keçmişdə Azərbaycanda çoxlu alman yaşamışdır. Xalqımızın həyatında onların rolu olubdur. Almanların keçmişdə Azərbaycanda yaşamalarının izləri indi də durur. Bu izlər və bəzi abidələr bizim tərəfdən qorunub saxlanılır.”

Almaniyanın yenidən birləşməsi günü münasibətilə AFR-in Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqindən (3 oktyabr 1995-ci il);

“BMT-nin üzvü kimi müstəqil Azərbaycan Respublikasının amalı və məqsədi Azərbaycanın dövlət müstəqilliyini qorumaq, onu əbədi etməkdən ibarətdir.”

BMT-nin 50 illiyinə həsr olunmuş təntənəli gecədə nitqindən (6 oktyabr 1995-ci il);

“Pakistan xalqı ilə Azərbaycan xalqının tarixi keçmişində, adət-ənənələrində çox bənzərlik var və bizim bir dinə mənsub olmağımız xalqlarımızı daim bir-birinə yaxın edib. Bu gün bunların əsasında Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və sıx əməkdaşlıq əlaqələri mövcuddur.”

Pakistan Prezidenti Fərrux Əhməd xan Leqari ilə Azərbaycan Milli Məclisi üzvlərinin görüşündə nitqindən (10 oktyabr 1995-ci il);

“Dünyada heç kəs heç kimə öz prinsiplərini, öz iradəsini zorla qəbul etdirməməlidir, heç bir dövlət digər ölkələrin hüquq və mənafelərini pozmamalıdır.”

Azərbaycan-Rumıniya dövlətlərarası və hökumətlərarası sənədlər imzalandıqdan sonra birgə mətbuat konfransında bəyanatından (27 mart 1996-cı il);

“Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir.”

Türkiyə Respublikasının Baş naziri Məsud Yılmazla Azərbaycan ictimaiyyəti nümayəndələrinin görüşündə nitqindən (14 aprel 1996-cı il);

“Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin böyük tarixi var. Bu əlaqələr bir çox əsrlər boyu formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt günlərə gəlib çatıbdır. Xalqımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub olması, adət və ənənələrimizin bir-birinə bənzərliyi, yaxud eyniliyi, milli duyğularımızın bir-biri ilə oxşar olması – hamısı birlikdə əsrlərdən-əsrlərə xalqlarımızı bir, bərabər etmişdir, xalqlarımız arasında sıx dostluq, qardaşlıq əlaqələri yaratmışdır. Məhz buna görədir ki, biz tez-tez belə bir gözəl ifadəni işlədirik. “Biz bir millət, iki dövlətik”

“Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının perspektivləri” mövzusuna həsr olunmuş konfransın açılışında nitqindən (30 may 1996-cı il);

“Dünyada bizim üçün, yəni azərbaycanlılar üçün ən birinci dayaq türklərdir.”

Almaniyadakı Azərbaycan Cəmiyyətlərinin Sədrləri və Azərbaycan Cəmiyyətləri Federasiyasının nümayəndələri ilə görüşdə çıxışından (Bonn, 1 iyul 1996-cı il);

“Beynəlxalq hüquq normaları, millətlərarası, dövlətlərarası əlaqələr hər bir ölkənin suverenliyi, toxunulmazlığı, ərazi bütövlüyü prinsipi – bunların hamısı ölkələrin sərhədləri ilə əlaqədardır.”

Azərbaycan Respublikası sərhəd qoşunlarının yaradılmasının beş illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitqindən (16 dekabr 1996-cı il);

“Biz beynəlxalq, dövlətlərarası münasibətlərdə ədalətin olmasını istəyirik. Biz hər hansı böyük ölkənin öz nüfuzundan istifadə edərək hansısa kiçik bir ölkəyə təzyiq göstərməsinin əleyhinəyik.”

Fransada akkreditə olunmuş xarici jurnalistlərin suallarına cavabından (Paris, 15 yanvar 1997-ci il);

“Biz müstəqillik əldə edən kimi, sərhədlər açılan kimi, bir-birimizlə əlaqələr asanlaşan kimi dostluğumuz, qardaşlığımız böyük bir fəvvarə kimi püskürdü və bütün dünyaya nümayiş etdirdi ki, Türkiyə ilə Azərbaycan keçmişdə də bir olub, bu gün də birdir, gələcəkdə də bir olacaqdır.”

Türkiyə Prezidenti Süleyman Dəmirəlin adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi ziyafətdə nitqindən (Ankara, 5 may 1997-ci il);

“Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədidir, bizim qanımız, canımız, dinimiz, dilimiz birdir.”

Türkiyənin iş adamları ilə görüşdə nitqindən (İstanbul, 8 may 1997-ci il);

“Gənc, müstəqil Azərbaycan Respublikası dünyanın ən böyük, qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları ilə bərabərhüquqlu əlaqələr qurubdur. Bu əlaqələr inkişaf edir, hər iki ölkə üçün öz müsbət nəticələrini verir.”

ABŞ-ın Ticarət Naziri Uilyam Deyli və Energetika Naziri Federiko Penyanın Azərbaycan Respublikası Prezidentinin şərəfinə təşkil etdikləri rəsmi qəbulda çıxışından (Vaşinqton, 31 iyul 1997-ci il);

“Türk xalqları insanlığın min illər boyu yaratdığı sivilizasiyaya əvəzsiz, tarixi töhfələr veriblər. Demokratizm, haqq-ədalətə sonsuz inam, milli, dini, irqi ayrı-seçkiliyə qarşı barışmazlıq, vətənpərvərlik və sülhsevərlik xalqlarımızın səciyyəvi cəhətləridir. Çətin mübarizə yollarında və saysız-hesabsız şəhid qanları hesabına qazandığımız azadlığımızın, müstəqilliyimizin əbədi olmasında, milli dövlət quruculuğunun dönməz xarakter almasında biz məhz belə bəşəri dəyərlərə istinad edirik.”

Türk Dövləti və Topluluqlarının VI Dostluq, Qardaşlıq və İşbirliyi qurultayının iştirakçılarına müraciətindən (18 mart 1998-ci il);

“Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir.”

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqindən (27 may 1998-ci il);

“Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıb, bu gün də dostluğumuzun, əməkdaşlığımızın əsasını təşkil edir.”

Türkiyə Cümhuriyyəti yaradılmasının 75-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqindən (27 oktyabr 1998-ci il);

“Türkiyə Cümhuriyyəti Avropa ilə Asiyanın, Şərqlə Qərbin sintezindən əmələ gəlmiş və bütün müsəlman Şərq aləmi üçün örnək cümhuriyyət olmuşdur.”

Türkiyə Cümhuriyyəti yaradılmasının 75-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqindən (27 oktyabr 1998-ci il);

“Türkiyə Azərbaycana həmişə dayaq olmuşdur. XX əsrdə 1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti elan olunarkən Türkiyənin Azərbaycana etdiyi yardımlar və o illərdə ölkəmizə qarşı təcavüzün qarşısının alınmasında türk qardaşlarımızın göstərdikləri qəhrəmanlıqlar Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.”

Türkiyə Cümhuriyyəti yaradılmasının 75-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqindən (27 oktyabr 1998-ci il);

“Azərbaycan öz coğrafi vəziyyətinə əsasən Qərb sivilizasiyası ilə Şərq sivilizasiyasını həm coğrafi, həm də məzmun, mənəvi nöqteyi-nəzərdən birləşdirən bir ölkədir. Biz bu tarixi missiyamızı da çox yüksək qiymətləndiririk. Şərq və Qərbi, Avropa ilə Asiyanı, xristian aləmi ilə İslam aləmini birləşdirən Azərbaycan müstəqil dövlətdir və bundan sonra da müstəqil dövlət kimi yaşayacaqdır.”

“İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun açılışı mərasimində nitqindən (9 dekabr 1998-ci il);

“Özbəkistanla Azərbaycanı çox şeylər bağlayır, tarixi köklərimiz birdir, dilimiz, musiqimiz, dinimiz, adətlərimiz, bütün ənənələrimiz də birdir. Biz eyni köklərə mənsubuq və onları, milli xüsusiyyətlərimizi, milli mənşəyimizi indi daha çox qiymətləndiririk. Bu, müstəqil, suveren dövlətlər kimi Özbəkistanın da, Azərbaycanın da yer üzündə möhkəm durması və mövcud olması üçün onların müstəqillik və suverenliyini heç kimin poza bilməməsi üçün zəruridir.”

Özbəkistanın məşhur “Yalla” dövlət əməkdar kamera-instrumental ansamblının konsertindən sonra yaradıcı kollektiv ilə görüşdəki söhbətdən (12 dekabr 1998-ci il);

“Azərbaycan xalqı Misirin qədim, zəngin mədəniyyətinə, zəngin tarixinə böyük hörmət və ehtiram bəsləyir. Bizim üçün bugünkü Misir-Azərbaycan əlaqələri çox əzizdir.”

Misir Ərəb Respublikasının milli bayramı – iyul inqilabının 47-ci ildönümü münasibətilə Misirin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqindən (23 iyul 1999-cu il);

“Sovetlər İttifaqı dağılandan sonra, türkdilli respublikalar öz dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə Cümhuriyyətinin türk dünyası qarşısında ən böyük xidmətləri ondan ibarətdir ki, türkdilli dövlətlərin birliyi yarandı. Bu birlik bu gün də davam edir, türkdilli dövlətləri bir-birinə daha da yaxınlaşdırır, əməkdaşlığı daha da inkişaf etdirir, bizim müştərək tarixi köklərimizin birlikdə araşdırılmasına və onların aşkara çıxarılmasına, dünyaya göstərilməsinə çox kömək edir.”

Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirələ “İstiqlal” ordeni təqdim olunması münasibətilə keçirilən təntənəli mərasimdə nitqindən (18 oktyabr 1999-cu il);

“İlk dəfə olaraq Türkiyənin xaricindən, xarici ölkədən – yalnız Azərbaycandan torpaq gətirildi və o torpağı mən şəxsən Mustafa Kamal Atatürkün qəbrinin yanına, böyük Türkiyənin diyarlarından gətirilmiş torpaqlarla bir sırada qoydum. Bu, bizim üçün tarixi bir hadisədir. Çünki ilk dəfədir ki, Türkiyənin xaricindən buraya torpaq gətirilir. Eyni zamanda bu onu göstərir ki, Türkiyənin bütün torpaqları kimi, bütün vilayətləri kimi, bütün diyarları kimi, Azərbaycan Türkiyə ilə bağlıdır və Mustafa Kamal Atatürkü özünün öndəri, özünün qəhrəmanı, özünün müdrik şəxsiyyəti hesab edir.”

Ankara Gülhanə Hərbi Tibb Akademiyası (2 noyabr 1999-cu il);

“Azərbaycan bu gün də, gələcəkdə də Rusiya ilə səmimi münasibətlərə, yaxşı tərəfdaşlıq münasibətlərinə malik olmalıdır.”

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Aleksandr Bloxinlə söhbətindən (17 dekabr 1999-cu il);

“Azərbaycan ilə İsrail arasında olan dostluğun dərin kökləri var. Azərbaycanda yəhudilər əsrlər boyu yaşamış, Azərbaycanın bərabər hüquqlu insanları kimi yaşamışlar.”

İsrailin milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitqindən (11 may 2000-ci il);

“Ukrayna olduqca zəngin iqtisadi və intellektual potensiala malik böyük ölkədir. Ukrayna çox mühüm coğrafi-strateji mövqedə yerləşir, müasir beynəlxalq həyatda, dünya siyasətində və Avropa Birliyi strukturlarında əhəmiyyətli rol oynayır. Buna görə də Ukrayna ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın bizim üçün çox böyük əhəmiyyəti var.”

Ukrayna Respublikasının Prezidenti Leonid Kuçmanın Azərbaycan ictimaiyyəti ilə görüşü və ona “İstiqlal” ordeninin təqdim edilməsi mərasimində söhbətindən (17 mart 2000-ci il);

“Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabər hüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır.”

Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxışından (25 yanvar 2001-ci il);

“Ölkəmizin Avropa Birliyinə daxil olması Avropanın mənəviyyat, ənənələr cəhətindən zənginləşdirilməsinə gətirib çıxaracaqdır. Azərbaycanın bugünkü reallığı Avropa və Şərq milli dəyərlərinin sintezindən ibarətdir. Avropa dəyərlərinin üzərinə bunu əlavə etsək, Avropa dəyərləri daha da zəngin olacaqdır.”

Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşdə söhbətindən (22 may 2001-ci il);

“Biz Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk və müstəqil dövlətimizi quraraq, yaradaraq, inkişaf etdirərək bütün sahələrdə – dövlət quruculuğunda, demokratiyanın inkişaf etdirilməsində, bütün azadlıqların təmin olunmasında, bazar iqtisadiyyatı yolunda islahatların keçirilməsində Amerikanın təcrübəsindən daim bəhrələnirik.”

Amerika birləşmiş Ştatlarının milli bayramı – İstiqlaliyyət Günü münasibətilə ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqindən (4 iyul 2001-ci il);

“Yaponiya ilə Azərbaycan arasında yaranmış dostluq, tərəfdaşlıq, işgüzar əlaqələr bizim üçün çox əhəmiyyətlidir.”

Sumqayıtdakı Etilen-Polietilen Zavodunda buxar-generator qurğusunun istifadəyə verilməsi mərasimində nitqindən (7 iyul 2001-ci il);

“Biz hesab edirik ki, ATƏT-in prinsipləri dəyişilməz, pozulmaz olmalıdır. ATƏT-in prinsiplərini pozan Ermənistan cəzasız qalır. Hər iki ölkəyə eyni münasibət göstərilir. Baxmayaraq ki, bir ölkə təcavüzkardır, o birisi isə təcavüzə məruz qalmışdır. Əgər təcavüzkara lazımi cavab verilməsə, onun qarşısı alnmasa, yaxud təcavüzkar cəzalanmasa, təcavüzkarlar başqa yerlərdə də belə hərəkət edəcəklər.”

Portuqaliya Respublikasının Xarici İşlər Naziri Joze Jaymi Matuş da Qamanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbətindən (12 iyul 2001-ci il)

“Pakistan, Pakistan xalqı bizim üçün dost və qardaş ölkə, xalqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edən kimi Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdəndir.”

Pakistan İslam Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş Faiz Məhəmməd Xosonun etimadnaməsini qəbul edərkən nitqindən (23 avqust 2001-ci il);

“Biz bu mövqeyin üzərində qəti dururuq ki, Xəzər dənizi sülh, qardaşlıq, birgə əməkdaşlıq dənizi olmalıdır.”

İran İslam Respublikası xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini və İranın Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Əli Əhani ilə görüşdə söhbətindən (28 avqust 2001-ci il);

“Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq münasibətləri və sıx əməkdaşlıq uğurla inkişaf edir və böyük gələcəyə malikdir.”

Çin Xalq Respublikası səfirliyinin yeni binasının açılış mərasimində nitqindən (7 dekabr 2001-ci il);

“Roma papasının Azərbaycana ziyarəti tarixi hadisədir. Onun Azərbaycanda olması, bizimlə aparılan danışıqlar və ictimaiyyətin nümayəndələri ilə, xalq kütlələri ilə görüşü bizim xalqımızın Roma papasına, ümumiyyətlə, sülhə, dostluğa münasibətini nümayiş etdirmişdir.”

Respublika gününə həsr olunmuş təntənəli mərasimdə nitqindən (27 may 2002-ci il);

“Qars bizim üçün, azərbaycanlılar üçün tarixən çox məşhur və çox doğma, çox əziz bir diyar olubdur.”

Türkiyənin Qars şəhərində Heydər Əliyev adına parkın və bulvarın açılışı zamanı nitqindən (28 iyun 2002-ci il);

“Əsrlər boyu, tarixin bütün zamanlarında Gürcüstan ilə Azərbaycan arasında heç bir nifaq, münaqişə olmamış və bir-birimizlə dostluq, mehribanlıq, qonşuluq şəraitində yaşamışıq.”

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması münasibətilə təşkil edilmiş rəsmi ziyafətdə nitqindən (18 sentyabr 2002-ci il)

 

 

 

Paylaşın: