Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Sosial və xüsusi elmlər kafedrası və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu öndər erası” adlı tədbir keçirildi.
Tədbirdən öncə xalqımızın Ümummilli lideri Ulu öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsini yad etmək üçün sükut elan olundu və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, tarixdə elə şəxsiyyətlər yetişib ki, onlara nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində olduqca böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Ümummilli Liderimiz Heydər Əliyev də məhz belə tarixi şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Azərbaycanın müasir tarixinin böyük bir mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi onun adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli Liderimizin siyasi məharəti, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və uzaqgörənliyi sayəsində ölkəmiz ən böyük çətinlikləri, milli dövlətçiliyimizin itirilməsinə səbəb ola biləcək bütün problemləri aradan qaldırdı. Ulu öndərin şərəfli xilaskarlıq missiyası nəticəsində məhv olmaq təhlükəsindən qurtulan Azərbaycan gələcəyə inamla addımlayan qüdrətli dövlətə çevrildi.
Ümummilli Liderimizin siyasətini uğurla davam etdirən, onun məqsəd və amallarını gerçəkləşdirmək üçün möhtərəm Prezdentimiz quruculuq tədbirləri, islahatları həyata keçirir. Ölkəmizin rəhbərinin bu gün dünya miqyasında qazandığı böyük nüfuz, nəhəg dövlətlərin başçıları ilə bərabərhüquqlu tərəfdaş kimi danışıqlar aparması onu göstərir ki, zəmanəmizin böyük Azərbaycanlısının, Heydər Əliyevin dövlətçilik ideyaları yaşayır və zəfər çalır.
Ardınca tələbəmizin hazırladığı Ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olundu.
Daha sonra çıxışlar dinlənildi. Sosial və xususi elmlər kafedrasının müdiri dosent Mayıl Alıcanov “ Azərbaycan gəncliyinin himayədarı”, TGT-nin sədri Nuranə Mirzəyeva “Ulu öndər Heydər Əliyevin dil siyasəti”, tələbələrimiz Abbasova Fidan “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi”, Ramiz Həsənli “Heydər Əliyevin Azərbaycan incəsənətinin inkişafında rolu”, Cəmalə Qeybullyeva “Azərbaycan tariində Heydər Əliyev erası” mövzusunda çıxış etdi, filialın tələbəsi Ayturan Məmmədlinin ifasında “Ulu öndər” şeiri səsləndirildi.
Sonda Heydər Əliyev ili çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak etdiklərinə görə bir sıra tələbələr sertifikatla təltif olundu.