Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması siyasəti uğurla davam etdirilir.

1980-cı illərin sonuna doğru dünyada yeni reallıqlar yaranmağa başlanmışdı. Bu prosesin çox tərəfləri Azərbaycana qarşı idi. Belə ki, Azərbaycanın düşmənləri, xüsusilə erməni avantüristləri bu proseslərdən öz xeyirlərinə istifadə etməyə çalışırdılar. Ona görə də Heydər Əliyevi Moskvadan uzaqlaşdırmaq və istədiklərinə nail olmaq istəyirdilər. Onlar bilirdilər ki, nə qədər ki, Heydər Əliyev kimi bir siyasi lider hakimiyyətdədir, onlar heç bir şey edə bilməyəcəklər. Ona görə də onlar ilkin mərhələdə Heydər Əliyevi siyasi hakimiyyətdən kənarlaşdırılmasına nail oldular. Lakin onun siyasi nüfuzunu qıra bilmədilər. 1990-cı il 20 Yanvar hadisələri göstərdi ki, Heydər Əliyev öz xalqının yanındadır.
Heydər Əliyev hələ Naxçıvanda olarkən Azərbaycanın dövlətçilik təməllərini atmağa başlamışdı. 1990-cı ilin noyabr ayının 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilmiş 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin sessiyasında çox mühüm qərarlar qəbul olundu. Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara aldı. Naxçıvan MSSR Ali Sovetinin adını dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olundu.
Naxçıvan Muxtar Respublikasının Аli Məclisi Azərbaycan SSR Ali Sovetinin qarşısında həmin bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.
Naxçıvan MR Аli Məclisinin birinci sessiyasında müzakirə olunan ən mühüm məsələlərdən biri də 1990-cı il 20 yanvar faciəsinə verilən siyasi qiymət idi. 1990-cı il 21 noyabrda Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul edildi.
1991-ci il martın 14-də Naxçıvan MR Ali Məclisinin sessiyası SSRİ-nin saxlanmasına dair Ümumittifaq referendumunda Naxçıvan MR-in iştirak etməməsi haqqında qərar qəbul etdi.
Beləliklə, 1991-1993 cu illər arasında ümummilli lider Heydər Əliyev Naxçıvandakı hakimiyyəti dövründə Muxtar Respublikanı geniş tərəqqi yoluna çıxarmağı bacardı.
Sovet rejimi dağıldıqdan sonra Azərbayana səriştəsiz adamlar başçılıq etdilər. Onların yanlış siyasəti üzündən ölkə çox çətin vəziyyətə düşdü. Azərbaycan dövlətçiliyi üçün böyük təhlükə yaranmışdı. Bir yandan daxildə hərc-mərclik, o biri yandan dünyanın dəstəklədiyi erməni daşnaklarının torpaqlarımıza hücumu, Qarabağda separatçılıq hərəkətləri Azərbaycan xalqını çox ağır və çıxılmaz vəziyyətə gətirib çıxarmışdı. Belə bir şəraitdə Azərbaycanı yalnız Heydər Əliyev kimi bir siyasət dahisi xilas edə bilərdi. Müdrik Azərbayan xalqı öz tarixi qərarını verdi.
Azərbaycan xalqının dəvəti ilə Heydər Əliyev 1993-cü ilin iyun ayının 14-də Bakıya gəldi. Heydər Əliyev siyasi haklimiyyətə qayıtdığı ilk gündən dövlətçiliyimizin möhkəmləndirilməsinə başladı. Dağılmış dövlət strukturlarını, çökmüş iqtisadiyyatın qısa müddətə bərpasına çalışdı. Ordu quruluculuğuna xüsusi diqqət ayırdı. Lakin Heydər Əliyevin bu cür qətiyyətli davranışı düşmən qüvvələrin mövqeyinə böyük zərbələr vurdu. Daxili və xarici düşmənlər də boş durmadılar. Surət Hüseynov, Əlikram Hümbətov kimi xainlər dövlət çevrilişinə səy etdilər. Heydər Əliyev xalqa müraciət etdi. Xalq öz müdrik və cəsarətli rəhbərini yalnız qoymadı. Milyonlarla soydaşımız meydanlara axışdı. Alçaqca planlanmış dövlət çevrilişinin önü alındı.
Lakin düşmən təxribatı bununla da bitmədi. 1995-ci ilin mart ayında Azərbaycanda yeni dövlət çevrilişinə cəhd edildi.
1995-ci il mart ayının 13-dən 17-dək Cavadov qardaşları və onlarla birlikdə çıxış edən siyasi müxalifət dövlət çevrilişinə cəhd etdilər. 1995-ci ilin mart ayının 13-nə keçən gecə OMON-un Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edilmiş və dövlət əleyhinə faktiki qiyam baş vermişdi. Martın 15-də Azərbaycan ordusunun bölmələri tərəfindən qiyam yatırıldı. Bundan sonra martın 16-17-də Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərildi. Martın 17-də Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və qiyam yatırıldı.
“OMON”-a dəfələrlə təkid edilmişdi ki, DİN-in daxilində qeydiyyatdan keçsin və bu qurumun tabeçiliyinə verilsin. Amma “OMON”-çu dəstələr bütün cəhdlərə baxmayaraq, hakimiyyətə müqavimət göstərmək qərarına gəldilər. Açıq şəkildə qəzetlərə verdikləri müsahibələrdə Dövlət Şurası yaradacaqlarını, orada Elçibəy və Mütəllibovun iştirak edəcəklərini bəyan edirdilər. Üstəlik, bəzi vəzifəli şəxslərin istefasını təkidlə tələb edirdilər. Konkret dövlətin himayəsi ilə yaradılmış silahlı dəstə sonradan dövlətin əleyhinə olan qiyamçı dəstəyə çevrildi. Dövlət başçısının çağırışlarına məhəl qoymayaraq, dövlətə tabe olmaqdan boyun qaçırdılar.
1995-ci ilin mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı xəyanətkarlıqdır. Dövlət çevrilişinə cəhd edən qeyri – qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idi. Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmədilər. Cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq kütlələri xəyanətkar və cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. R.Cavadovun adamlarının, eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri isə, heç bir nəticə vermirdi.
Ulu Öndər Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi dövlət çevrilişinin qarşısının alınması səbəbidir. 15 mart 1995-ci il tarixində Ulu Öndər Heydər Əliyev XTPD-nin dövlət çevrilişinə cəhd göstərməsi ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət etdi. Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə, qanuni hakimiyyətə birmənalı dəstəyi qiyamın baş tutmamasının əsas səbəbi idi.
Azərbaycanın bütövlüyünün qorunması Ümummilli lider Heydər Əliyevin tarixi missiyası idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir.
Beləliklə, Heydər Əliyev Azərbaycanı daxili və xarici düşmənlərdən qorumağı bacardı, Azərbaycan dövlətinin və xalqının xilaskarı oldu. Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı İlham Əliyev xilaskarlıq missiyasını uğurla davam etdirir. Qürurla deyə bilərik ki, Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir.

Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müəllimi Sabir İbrahimov

Paylaşın: