Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Uğurlu Təqdimatın Sirləri” adlı təlim keçirilmişdir. Təlimdə filialın professor-müəllim heyəti və tələbələr iştirak edirdilər.
İlk olaraq Tələbə Gənclər Təşkilatının Sədri Nurulu Ələskər tədbir iştirakçılarını salamlayaraq “Azərbaycan könüllülük həftəsi” çərçivəsində birgə əməkdaşlıqla keçirilən təlimin məqsədi və faydalarını diqqətə çatdırdı. Qeyd olundu ki, tələbələrin İKT bacarıqlarının daha da inkişaf etdirilməsi üçün keçirilən təlim onlayn və offlayn rejimdə Pover Point proqramında işləmək bacarığının artırılması məqsədi daşıyır.
Sonra Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi, İKT şöbəsinin müdiri Mətanət Rəhimova çıxış etdi. O qeyd etdi ki, gələcəyin müəllimi kimi bu günün tələbələrinin həm ixtisasları üzrə biliklərə yiyələnməsi, həm də İKT bacarıqlarına malik olması rəqabətədavamlılığı təmin edir.
Təlimdə Riyaziyyat və informatika müəllimliyi ixtisasının V tədris ili üzrə TGT fəalları xüsusi fəallıq nümayiş etdirdilər.
Həmidova Lamiyə “Pover Point proqramında ilkin anlayışlar” mövzusunda danışdı. Eyni mövzu üzrə praktik bacarıqları aşılamaq məqsədilə Hidayətli Mehran Pover Point proqramının menyuları haqqında praktik məşğələ keçirək, tələbələri maraqlandıran suallara cavab verdi. Daha sonra Əliyeva Sədinə təqdimatın müasir tətbiqlərindən istifadə edərək “Slaydların Nümayişi” mövzusunda məlumat verdi.
İKT şöbəsinin əməkdaşı Sadiq Hüseynov tələbələri daha çox maraq doğuran “Pover Point proqramından onlayn istifadə qaydaları” mövzusunu əyani şəkildə nümayiş etdirdi.
Diskusiya şəraitində davam edən təlim iştirakçıların böyük marağına səbəb oldu.