Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq xalqlarımızın gələcəyinə xidmət edir.
Dost və qardaş ölkələr olan Azərbaycan ilə Türkiyə arasında çox möhkəm və sıx əməkdaşlıq əlaqələri mövcuddur. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır. Hər iki ölkə dünyanın bir sıra mühüm geosiyasi və geoiqtisadi proseslərinin cərəyan etdiyi mürəkkəb regionda etibarlı strateji tərəfdaşlar kimi münasibətlərin daim inkişafında və daha da gücləndirilməsində maraqlı olduğunu əməli addımlarla nümayiş etdirmişdir. Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri “Bir millət, iki dövlət” kimi xarakterizə edən böyük siyasi xadim ulu öndər Heydər Əliyevin bu münasibətlərin inkişafında misilsiz xidmətləri olmuşdur. Hazırda bu ölkələr arasında elə sahə yoxdur ki, o sahədə əməkdaşlıq edilməsin. İki qardaş ölkə kimi bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq aparılır. Ölkələrimiz arasındakı əməkdaşlıq xalqlarımızın gələcəyinə xidmət etməlidir. Ölkələrimiz arasında elə bir güclü müttəfiqlik yaradılmışdır ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Bu məqsədlə müxtəlif tədbirlər – gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir.
Türkiyənin dəstəyini Azərbaycan hər zaman hiss etmişdir. Türkiyə müharibənin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən, ilk saatlardan bəyanatlarla çıxış etmiş və demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirmişdir. Bunun çox böyük mənəvi və siyasi əhəmiyyəti olmuşdur. Azərbaycan 44 gün ərzində ədaləti, öz ərazi bütövlüyünü bərpa etdi və 30 illik işğala son qoyuldu. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu, bizim birliyimizin, qardaşlığımızın təzahürüdür.
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çoxşaxəlidir və bütün sahələri əhatə edir. Bütün başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlıq sürətlə inkişaf edir. Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın inkişafı prinsipial məsələlərdəndir. Təhsil sahəsində əməkdaşlıq olduqca önəmlidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması çox vacib məsələdir və bunun üçün çox önəmli addımlar atılır. İki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və təşviqi nəzərdə tutulur. Peşə təhsili sahəsi Azərbaycan üçün ən aktual mövzulardan biridir. Hazırda peşə təhsili ilə bağlı işlər davam edir. Kadr hazırlığı məsələləri böyük əhəmiyyət daşıyır. Növbəti illərdə peşə hazırlığı Azərbaycanda geniş vüsət almalıdır. Buna çox böyük ehtiyac var. Xüsusilə, Azərbaycan, bu gün böyük quruculuq işlərinin astanasındadır və həm azad edilmiş torpaqlarda, həm də bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Ona görə, azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılmalıdır.
Türkiyənin təcrübəsi ölkəmiz üçün çox önəmlidir. Azərbaycanda indi yeni dövr başlamışdır. İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlamışdır. Azad olunmuş torpaqlarımız Ermənistan tərəfindən törədilmiş böyük dağıntılara məruz qalmışdır.Hazırda işğaldan azad olunmuş şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli qoyulmuşdur. Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi olub . Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə tədbirlər görülməlidir.
Azərbaycanın müasir tarixi dərindən öyrənilməli və təbliğ olunmalıdır. Tarixin təhrif olunması məsələsi son dərəcə vacib məqamlardan biridir. Qarabağ münaqişəsinin tarixi təhrif olunmadan xalqın yaddaşında qalmalıdır. Xüsusilə gənc nəsil tarixi həqiqətləri olduğu kimi bilməlidir. Təhsil proqramlarında, orta məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınmalıdır. Bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilməlidir. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin peşəkarlığı sayəsində biz müharibənin ilk günlərindən üstünlüyü əldə etdik və ardıcıllıqla bu son hədəfə qədər uğurla irəliləmişik. Real həqiqətləri, biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Tarixin təhrif olunması böyük yanlışlıqların səbəbidir. Tarixi həqiqətlər öyrənilməli və təşviq olunmaldır. Gənclər tarixi olduğu kimi bilməlidir. Təhrif edilmiş tarixin böyük təhlükələri var. Sovet dövründə Azərbaycan xalqının qanını axıdan daşnak-bolşevik bandalarının rəhbərləri qəhrəman kimi təqdim edilirdi. Qəhrəmanlar düşmən kimi göstərilirdi, düşmənlər qəhrəman kimi. Müstəqilliyə qovuşandan sonra real tarixi öyrəndik. Ona görə, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə çalışmalıyıq. Gənclərimiz bu günümüzü, keçmişimizi dərindən öyrənməli, bu həqiqətləri qavramalı və təbliğ etməlidir.
Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə söylədiyi kimi “bir millət, iki dövlət” olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşlar: Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.
Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı daim möhkəmlənir, əlaqələri dayanmadan inkişaf edir və hər iki ölkə regionda təhlükəsizliyin qarantına çevrilir. Dövlətlərimiz arasında münasibətlərin xarakteri və yüksək səviyyəsi Azərbaycan – Türkiyə əlaqələrinin sarsılmazlığından və dərin tarixi köklərə söykənməsindən xəbər verir.Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır.
Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!
Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi, b.ü.f.d. Əkbəri Təranə