Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Sosial və xüsusi fənlər kafedrasının təşkilatçılığı ilə “Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi” mövzusunda elmi seminar keçirildi.
Tədbirdə filialın direktoru dosent Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələri iştirak edirdi.
İlk olaraq Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himni səsləndirildi və mövzu ilə bağlı videoçarx nümayiş olundu.
Filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək bildirdi ki, Cümhuriyyətin 100-cü ildönümünün bayram kimi qeyd edilməsi bütün türk xalqlarının, eləcə də müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş yaratmış mühüm hadisədir. O, Türkiyə Cümhuriyyətinin bir əsrlik dövr ərzində böyük inkişaf yolu qət etdiyini, sosial-iqtisadi və siyasi inkişafa nail olduğunu, modern ordu qurulduğunu, ölkənin hərtərəfli güclənib, regional və beynəlxalq məsələlərdə söz sahibinə çevrildiyini qeyd edib. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının daim öz təsdiqini tapıb, Azərbaycan və Türkiyənin qardaş ölkə kimi hər zaman qırılmaz tellərlə bir-birinə bağlı olmuşdur.
Sosial və xüsusi fənlər kafedrasının dosenti Zərifə Cavadova “Türkiyə Cümhuriyyətinin yaranması və onun ilk tədbirləri” mövzusunda ətraflı məruzə ilə çıxış etdi.
Sonda tələbələrin mövzu ilə bağlı çıxışları dinlənildi, onların ifasında şeirlər və mahnılar səsləndirildi.