ADPU-nun Şamaxı filialının mətbuat katibi Mehraliyeva Reyla.
Xalqımız, eləcə də dünya ictimaiyyəti daha bir tarixi reallığın şahidi oldu. Dekabrın 21-də Xankəndi stadionunda Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, azərbaycanlı azarkeşlər, o cümlədən şəhid övladlarının iştirakı ilə futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirildi. Bu oyunun məhz Xankəndidə keçirilməsi böyük əhəmiyyət kəsb edir. İlk növbədə, ona görə ki, ilk dəfədir işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilirdi. Bu unudulmaz hadisə Azərbaycan xalqının hədsiz sevincinə səbəb oldu. Həm də ona görə qürurvericidir ki, bu yarış şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsidir. Otuz iki ildən sonra ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak edirdilər. Dünya ictimaiyyəti də şahid oldu ki, Qarabağ Azərbaycandır!
Futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi;
Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Qarabağın azad olunması böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər; Quruculuq-abadlıq işləri bütün Qarabağda aparılır. Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır;
Xankəndi stadionu cəmi iki ay ərzində yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar tarixin zibilxanasına atıldı.Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq.
“Qarabağ” və Bakının MOİK oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması böyük rəmzi məna daşıyır.
Xalqımız bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Dörd il bundan əvvəl isə Xankəndi stadionunda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər.
İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl – İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır! Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq!