Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir

Rusiyanın Soçi şəhərində Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüş, qəbul edilmiş Bəyanat Azərbaycanın növbəti diplomatik qələbəsidir. Prosesə Qərbi cəlb etmək üçün vaxt qazanmaq məqsədi ilə 9 noyabr görüşünü sabotaj edən Paşinyan, Soçi görüşü ərəfəsində də eyni addım atdı. Onun onlayn mətbuat konfransında səsləndirdiyi destruktiv, şovinist fikirlər Soçi danışıqlarının nəticəsiz qalmasına yönəlmiş təxribat idi və bu, şəxsən Putinin vasitəçiliyinə qarşı hörmətsizlik idi. Bütün bunlara baxmayaraq Rusiyanın təşəbbüsü ilə noyabrın 26-da üçtərəfli görüş baş tutdu və Paşinyan güzəştə getməyə məcbur oldu. Gözüş zamanı da Paşinyan Ermənistanın bu görüşdən boyun qaçırdığını açıq şəkildə etiraf etdi.

Görüşü ümumilikdə üç hissəyə ayırmaq olar: Rusiya-Azərbaycan arasındakı əlaqələr; üçtərəfli görüş və görüşdə qəbul olunan bəyanat.

Xüsusi qeyd etmək lazımdır ki, Prezident cənab İlham Əliyev görüşə qalib xalqın, qalib ordunun Lideri, haqlı tərəfin qətiyyətli rəhbəri kimi qatılmışdır. Rusiyanın Prezidenti Vladimir Putinin də görüşdən öncə Azərbaycan Prezidentini qəbul etməsi Vladimir Putinin həmkarına çox böyük hörmət və etimadının olduğunu bir daha göstərdi. Rusiya və Azərbaycan Prezidentləri arasındakı ikitərəfli görüşdə ölkələrin münasibətlərindən geniş bəhs olundu, Rusiya və Azərbaycanın strateji tərəfdaş olduğu xüsusi qeyd edildi. Ölkəmizin ən böyük iqtisadi əlaqələri olduğu ölkə də məhs Rusiyadır. Pandemiya dövrünün olmasına baxmayaraq 2021-ci ilin 9 ayında Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 11 faiz artmışdır. Bu da onu göstərir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında qarşılıqlı maraq çox güclüdür. Prezidentlərin görüşündə qeyd olunduğu kimi münasibətlər çoxlu sahələri ehtiva edir. Hazırda iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsi reallaşdırılır. Rusiyada azərbaycanlıların yaşamaları, işguzar fəaliyyətlə məşğul olmaları və təhsil almaları üçün çox yaxşı şərait vardır. Hazırda 15 mindən çox azərbaycanlı tələbə Rusiyanın ali məktəblərində təhsil alır ki, bu da ölkələrimiz arasında körpü deməkdir.

Üçtərəfli görüşdə qeyd olunduğu kimi hazırda Rusiya Azərbaycan və Ermənistan arasındakı münasibətlərin nizamlanması, regionda birdəfəlik sülhün bərqərar olunması üçün çoxsaylı işlər görür. Rusiyanın fəal iştirakı ilə Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında əlaqələrin nizamlanması üçün də işlər aparılır. Keçən il noyabrın 10-dan etibarən Qarabağda Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlamasından sonra ciddi hadisələr də olmayıb, yalnız sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər baş verb. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonasında deyil. Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolu yüksəkdir. Azərbaycan da həmişə, istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub, daim sülhü dəstəkləyib. Hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu Ermənistan tərəfə verilib. Yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilib. Azərbaycan həmişə humanizm prinsipinin aliliyini əsas götürüb. Azərbaycan Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindədir və bu formatda öz məqsədlərimizə çatacağıq.

Soçi görüşünə qədər Ermənistan rəhbərliyinin nümayiş etdirdiyi mövqe, sabotaj cəhtləri bir daha göstərdi ki, rəsmi İrəvan etibarsız tərəfdaşdır. Ermənistan növbəti dəfə Rusiyaya nümayiş etdirdi ki, öz strateji tərəfdaşına qarşı satqınlıq və riyakarlıq siyasətini davam etdirir. Paşinyanın Şarl Mişelə çağırışları və Avropa vasitəçiliyini gündəmə gətirməsi Moskvaya növbəti siqnal oldu. Paşinyanın ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti”nə dəvət alması ilə lovğalanması da əlbəttə Moskvanın diqqətindən yayınmamışdır. Çünki bu sammit “soyuq müharibə”dən sonra Rusiyaya qarşı yaradılan yeni koalisiyadır və bu koalisiyada yer alan yeganə KTMT və Avrasiya İttifaqı üzvü Ermənistandır. Tarix də sübut edir ki, ermənilər heç bir tərəfdaşına sadiq olmamışlar. Bu bu gün də belədir.

Görüşdə Azərbaycanın delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazır olduğu da qeyd olunub. Ermənistan tərəfinə də açıq təklif olunub ki, qarşıdurmaya son qoyulsun, bir-birimizin ərazi bütövlüyü, suverenliyi tanınsın və gələcəkdə yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində iş başlanılsın. Rusiya Prezidenti Vladimir Putin də Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcəyini vurğulayıb.

Üçtərəfli görüşün yekunu olaraq mətbuat konfransında səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan görüşdə hansı məsələləri zəruri hesab edirdisə, hamısını ardıcıllıqla, qətiyyətlə həyata keçirdi. Rusiya Prezidentinin, ümumiyyətlə, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməməsi də bir daha təsdiqlədi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən sonra yeni yaratdığı reallıqlar artıq dünya ölkələri və bu məsələdə vasitəçilik rolunu həyata keçirən Rusiya tərəfindən birmənalı olaraq qəbul edilir. Vladimir Putinin məhz dəhlizlərin açılması məsələsini dəfələrlə ifadə etməsi bir daha göstərdi ki, Azərbaycan qədər Rusiyanın da Zəngəzur dəhlizinin açılmasında çox böyük istəkləri var. Soçi görüşü Zəngəzur dəhlizinin açılması istəqmətində çox əhəmiyyətli rol oynadı. Digər tərəfdən Azərbaycan dəfələrlə ifadə edirdi ki, biz artıq sərhədlərin delimitasiyası və demarkasiyasına başlamağa, bölgədə sülhün, əmin-amanlığın bərqərar olması üçün kommunikasiyaların açılmasına, sülh sazişinin imzalanmasına hazırıq. Bütün bunlar da Soçi görüşündə müzakirə predmeti oldu və razılaşıldı ki, qısa zamanda, bu ilin sonuna qədər prosesin mexanizmi işlənib hazırlansın. Bunun üçün növbəti həftə üçtərəfli İşçi Qrupu, yəni Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinləri çərçivəsində görüş keçiriləcək. Qısa zamanda sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı işlərə başlanacaq ki, bu da bizim mövqeyimizə tam uyğundur.

Soçi Bəyanatında əvvəllər imzalanmış sənədlərin təsdiq edilməsi ilə yanaşı yeni məsələlərin razılaşdırılması artıq bu yolun sülh müqaviləsinin imzalanmasına apardığını əks etdirir. Üçtərəfli görüşdə əsas müzakirə predmetlərindən biri də məhs bu oldu, qeyd edildi ki, artıq sülh müqaviləsinin imzalanması istiqamətində də çox zaman keçmədən işləmək lazımdır. Bir sözlə, Azərbaycanın prioritet qəbul etdiyi və Vətən müharibəsi başa çatdıqdan sonra dəfələrlə açıqladığı və qarşıya qoyduğu hədəflərin hamısı Soçi görüşündə Azərbaycanın istədiyi kimi artıq öz əksini tapmış oldu: Bəyanatda Qarabağ ifadəsi işlənilmədi, Ermənistan tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmadı, sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edildi, avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olundu, hər hansı bir şərt qoymadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapdı, ölkələr Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiq etdilər. Həmçinin Rusiya Prezidenti “dəhliz” dedikdə “avtomobil və dəmir yolları” demiş, mətbuat konfransında dəfələrlə “dəhliz” ifadəsini işlətmişdir.

Bəyanatda vacib məsələlərdən biri də odur ki, ATƏT-in Minsk Qrupunun adı çəkilməmişdir. Bu da sülh danışıqlarının daha çox ikitərəfli formata yönəldilməsi deməkdir. Əlbəttə, Minsk Qrupunun yenidən məsələlərə qoşulması qəbuledilməzdir. Azərbaycan xalqı öz taleyini həll etmək üçün döyüşə atılana qədər də Minsk Qrupunun münaqişənin həlli üçün hansısa bir irəliləyişə nail olduğunu, həmçinin Vətən müharibəsi başa çatdıqdan sonra hər hansı təşəbbüslə çıxış etdiyini, təkliflər verdiyini görmədik. Bu Qrupun yenidən dirçəldilməsini istəyən Ermənistanın əsas hədəfi Fransanın vasitəçiliyini təmin etmək istəyidir. O Fransa ki, açıq şəkildə istər Vətən müharibəsində, istərsə də postmünaqişə dövründə ermənipərəst mövqe nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Zəngəzur dəhlizini açacağıq – istər danışıqlarla, istərsə də güc yolu ilə. 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxdı və Soçi görüşünün, həm rəsmi, həm də qapalı hissəsində Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, biz Zəngəzur dəhlizinin açılmasına doğru gedirik.

İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi də Prezident cənab İlham Əliyevdir.

Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Səməngül Abdullayeva

Paylaşın: