Şanlı Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi.
Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında səfərdə olublar. Səfər zamanı Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu. Bundan başqa bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası artıq başlamışdır. Bəli, bu gün Füzulidən Şuşaya yol çəkilir – Zəfər yolu çəkilir.
Cənab Prezidentin də qeyd etdiyi kimi, azad edilmiş torpaqlarda olarkən, bu dağıntıları seyr edərkən bir daha görürük ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, tarixi irsimizi silmək istəmişdir. Amma o, buna nail ola bilmədi. Biz bu torpaqlara qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq.
Vətən müharibəsinin ilk günündə – sentyabrın 27-də Qaraxanbəyli kəndi azad edildi. Azərbaycan Ordusu məhz buradan öz şərəfli missiyasını icra etməyə başladı və düşməni torpaqlarımızdan qovdu.İndi isə həyatımızın yeni dövrü – quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü başlayır.
Bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik və torpaqlarımızdan qovmuşuq. O ki qaldı, mülki əhaliyə, Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi.
Xüsusi vurğulamaq lazımdır ki, 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim apardığımız müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir. Şanlı Azərbaycan Ordusu qısa müddətdə yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad edib. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən tarixi, hərbi nailiyyətlərə imza atmışdır.
Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi. Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq.
Bu gün bir daha görürük ki, erməni vəhşiliyi hansı fəlakətləri törədib. Bizim bütün şəhərlərimiz, bütün kəndlərimiz, tarixi abidələrimiz, məscidlər, məzarlar dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Su elektrik stansiyalarını dağıdıblar. Bax, fərq bundadır. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və Azərbaycan əsgəri verilən təlimatları layiqincə yerinə yetirdi. Azərbaycan əsgəri mülki əhali ilə heç vaxt müharibə aparmayıb. Bu gün də Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb erməni vəhşiliyinə baxsınlar. Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı-daş üstündə qoymayıb.
Səfər zamanı Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Hünərli kəndindəki Alban məbədi ilə də tanış olublar. Ermənilər bu kilsəni də erməniləşdirmək istəmişlər və burada erməni dilində yazılar yazmışlar, ancaq buna nail ola bilməmişlər. Bu, bizim qədim tarixi abidəmizdir, udi qardaşlarımızın məbədidir. Qədim torpaqlarımızdan tarixi izlərimizi silməyə çalışan mənfur düşmən özləri üçün saxta tarix yaratmağa çalışmısdır. Amma buna nail ola bilməyiblər, biz onları ifşa etmişik. Alban məbədinin bu vəziyyətdə olması bir daha erməni saxtakarlığını göstərir.
Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və torpaqlarımıza qayıtdıq. İndi isə bərpa işləri gedir və gedəcək. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan günü-gündən çiçəklənəcək. Heç kim bizi bundan sonra bir qarış belə torpağımızdan tərpədə bilməz. “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
ADPU-nun Şamaxı filialının “Riyaziyyat və kompüter elmləri” kafedrasının baş müəllimi Çingiz Dadaşov.