Şamaxıda şəhid analarının iştirakı ilə “8 Mart” Beynəlxalq Qadınlar Günü qeyd olundu

5 mart 2022-ci il tarixində Şamaxı rayon Mədəniyyət Mərkəzində şəhid ailələrinin iştirakı ilə “8 Mart” Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olundu. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova,  şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov 44 günlük Vətən müharibəsi zamanı xüsusi qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin əziz xatirəsini yad etmiş və onların Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söhbət açdı.

Daha sonra o, şəhid ailələrinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın göstərdiyi diqqət və qayğıdan geniş söhbət açaraq, şəhid analarını “8 Mart” Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi.

Milli Məclisin deputatı Tamam Cəfərova çıxış edərək, dövlətimizin əsaslarının möhkəmləndirilməsində, ölkəmizin hər tərəfli inkişafında eyni zamanda ərazi bütövlüyümüzün təmin olunması uğrunda canından keçmiş vətən oğullarının yetişməsində Azərbaycan qadınının rolundan geniş söhbət açaraq, şəhid analarını “8 Mart” Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi.

Daha sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova şəhid analarına üzünü tutaraq onları təbrik etdi. O , qeyd etdi ki,  şəhid anaları elə bir zirvəyə ucalıb ki, bu gün qadınlar günü deyəndə ilk ağıla onları təbrik etmək gəlir. Onlar bir övlad itirdilər, qarşılığında isə milyonlarla övlad qazandılar, hansı ki, bu gün hər biri onların qarşısında şəhid anası kimi ehtiramla baş əyir.

Tədbirin sonunda şəhid ailələrinə gül dəstələri və hədiyyələr təqdim olundu.

Paylaşın: