Sosial və pedaqoji elmlər kafedrasının müəllimi: Babək Abdullayev.
Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib:
BMT-nin Məskunlaşma Proqramının hörmətli icraçı direktoru.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Zəngilana xoş gəlmisiniz. Sizi burada – Azərbaycanın qədim bölgəsində, Şərqi Zəngəzurda salamlayıram. Bu gün bu region Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir.
İlk olaraq bütün qonaqlarımıza təşəkkürümüzü bildirirəm. Bu gün burada 53 ölkədən qonağımız var. 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 iştirakçı bu gün bizimlədir. Bu, bizim ikinci Azərbaycan Milli Şəhərsalma Forumumuzdur, bizim dostluğumuzun təzahürüdür. Bizim birgə marağımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək.
Ötən il biz birinci Şəhərsalma Forumunu Ağdam şəhərində keçirmişdik. Həmin şəhər də sıfırdan inşa edilir, çünki o, işğal dövründə darmadağın edilmişdir.
Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə, – burada videoda da siz onu gördünüz, – ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Mən Ağalı kəndində dəfələrlə olmuşam – sakinlərin qayıdışından əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi. Ancaq üç il əvvəl biz bu işğala son qoyduq.
Bu gün Zəngilan beynəlxalq tədbirə ev sahibliyi edir. Bu, yenidən inşa edilmiş Konqres Mərkəzi dünən açılıb. Təkcə bu bina deyil, Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Dediyim kimi, ilk “ağıllı kənd” Zəngilan rayonunda yerləşir. Bu şəhərin Baş planı artıq təsdiq edilib. Biz infrastruktura böyük vəsait ayırmışıq, bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar.
Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcəkdir. Gələcəkdə isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq.
Zəngilan Beynəlxalq Hava Limanı azad olunmuş ərazilərdə inşa edilmiş ikinci hava limanıdır. Üçüncüsü isə hazırda Laçında inşa edilir və iki il ərzində o hava limanı da istifadəyə veriləcək.
Biz Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçiririk. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Hesab edirəm ki, Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf etmişdir. Ona görə də burada bu potensial var.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Bu, təbii ki, parlamentdə yenidən müzakirə ediləcək və dediyim kimi, Azərbaycan bunu öz şəxsi dövlət vəsaiti hesabına həyata keçirir. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib. Özbəkistan Füzulidə məktəb tikdi, digəri isə yekunlaşmaq üzrədir.
Yəni, bu, Azərbaycan üçün çox böyük maliyyə yüküdür. Ancaq Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir.
Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə qayıtsınlar, Füzuli şəhərinə qayıtsınlar, Ağalı kəndinə qayıtsınlar, Talış və Zabux kəndlərinə qayıtsınlar. Yəni, bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək, xüsusən də Şuşa və digər şəhərlərdə. Bu, bizim proqramın tərkib hissəsidir.
Digər bir element infrastrukturdur. Məsələn, dünən mən burada – Zəngilanda 10 meqavat gücündə yeni Su Elektrik Stansiyasının açılışını etdim. Ancaq növbəti altı ay ərzində onun imkanları 40 meqavata çatdırılacaq. Azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir. Yəni, azad olunmuş bütün ərazilərimiz yenidən bizim mərkəzi şəbəkəmizə qoşulur və tam inteqrasiya edilib. Enerji potensialı, nəqliyyat, yaşayış layihələri – bunların hamısı bizim gündəliyimizin tərkib hissəsidir. Əminəm ki, biz bütün vəzifələrə, hədəflərə nail olacağıq və növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünü evlərinə qaytaracağıq. Yeri gəlmişkən, qeyd edim ki, artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq.
İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər zaman danışıqlar masasında konstruktiv idi. Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik. Nəticədə isə bunu özümüz etməli olduq. Biz 44 gün ərzində bunu etdik. 44 günlük müharibə qaçılmaz idi. İlk olaraq artıq sadaladığım səbəblərdən, ikincisi isə Ermənistan bu məsələni dondurmaq istəyirdi. Hesab edirdi ki, Azərbaycanda yeni yetişən nəsil Qarabağı unudacaq. Amma onlar böyük səhvə yol verdilər. Bu gün Füzulidə, Laçında, Zabuxda, Ağalıda, Talışda təhsil alan yüzlərlə məktəbli bu torpaqları görməyib. Çünki Azərbaycan xalqının yaddaşından bu tarixi, bu torpaqları heç kim silə bilməz. Aydın idi ki, Ermənistan vəziyyəti məhz bu şəkildə öz nəzarəti altında saxlamaq istəyirdi. Düşünürdülər ki, nə sülh, nə müharibə – davamlı danışıqlar məhz belə də sürəcək. Eyni zamanda, yeni Ermənistan hakimiyyəti ilə bağlı ümidlər də tədricən boşa çıxdı.
Ermənistan hökumət rəsmilərinin, xüsusilə yüksək səviyyəli rəsmilərin ritorikasına baxsanız, bu gün onlar bizi heç etmədiyimiz məsələlərdə ittiham edirlər. Ermənistanın hazırkı rəhbəri 2019-cu ildə Xankəndidə tribunadan bəyan etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu da bizim qırmızı xəttimiz idi. Ona qədər heç kəs belə bir ifadə işlətməmişdi. Bu da təbii ki, atəşkəsin pozulması idi: yəni, əhəmiyyətsiz, mənasız danışıqlara nə ehtiyac var? Ermənistanın rəhbəri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bir hissəsinin Ermənistana məxsus olduğunu rəsmi şəkildə deyirsə, burada hansı danışıqlardan söhbət gedə bilər? Buna baxmayaraq, biz yenə də hesab edirdik ki, bəlkə bu, siyasi yanlışlıqdır. Lakin bundan sonra Ermənistanın müdafiə naziri bəyan etdi ki, Ermənistan bizimlə yeni ərazilər uğrunda yeni müharibəyə hazırdır. Yəni, onlar bizi yeni işğalla hədələyirdilər. Belə çıxır ki, bizim ərazimizin 20 faizinin işğalı onlara kifayət etmirdi. Onların planı var idi ki, Bakıya çatsınlar, hətta Xəzər dənizində çimsinlər. Onların planlarında tanklarla Bakıya gəlmək var idi. Ancaq Ermənistana məxsus tanklar bu gün bizim Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Bir çox yanlışlıqlar, yanlış hesablamalar, bizim potensialımızı, qüvvəmizi və gücümüzü nəzərə almamaq – bu, region üçün ciddi bir fəlakətə səbəb oldu.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün hətta yenə də şans var idi. Ancaq onlar Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalı idilər. Onlar ziddiyyətli bəyanatlara son qoymalı idilər. Bir tərəfdən deyirdilər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Digər tərəfdən isə sentyabrın 2-də Ermənistanın rəhbəri qondarma rejimin rəhbərinə onun müstəqilliyi ilə bağlı təbrik məktubu göndərmişdi. Yəni, bu, necə mümkün ola bilər? Bu o demək idi ki, utancverici məğlubiyyətdən üç il sonra, öz məlumatlarına görə, 12 min fərarisi olan, bizim ərazilərimizdən sprinter kimi qaçan həmin Ermənistan bizə qarşı yeni ərazi iddiası irəli sürür.
Bu, artıq qırmızı xəttin növbəti dəfə pozulması idi. 9 sentyabr tarixində artıq bu, neçənci qırmızı xəttimiz idi. Qondarma Dağlıq Qarabağın qondarma “parlament”i 22 nəfərin səsi ilə “Dağlıq Qarabağ rejimi”nin “prezidenti”ni seçdi və həmin o “prezident” öz çıxışında qeyd etdi ki, biz status uğrunda mübarizə aparacağıq. Yəni, bu nə deməkdir və biz buna necə cavab verməliyik?! Biz buna necə dözə bilərdik? Əlbəttə, biz buna dözə bilməzdik. On gün bundan əvvəl baş verən hadisələrin səbəbi Ermənistan baş nazirinin məsuliyyətsiz siyasəti və onun himayədarlıq etdiyi Qarabağdakı separatçılar idi, onların hərəkətləri idi.
Antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi. Bunun nəticəsi nə oldu? Biz davam etdikmi? Xeyr! Bizim belə bir niyyətimiz yox idi. Biz nəticədə harada istəsəydik orada dayanacaqdıq. Bunu demək o qədər də çətin deyil. Ancaq bizim niyyətimiz bundan ibarət deyildi. Biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik və bunu səmimi deyirik. Yəni, bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı. Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir.
Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsin və sülh sazişinin layihəsi üzərində işləsin. 20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır. Bununla yanaşı, təbii ki, gərək sərhədlərin delimitasiyası üzərində fəal surətdə çalışaq və uzun müddət sürən bu qarşıdurmaya son qoyaq. Azərbaycanda biz sülh istəyirik. Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır.
2020-ci il noyabrın 8-də Şuşa Ordumuz tərəfindən azad olundu və bu, bizim iradəmizin təzahürü idi. Bundan iki gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu. Aprelin 23-də biz Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü tam təmin etdik. Çünki bütün sərhədlərimizə nəzarəti bərpa etdik. Əlbəttə, sentyabrın 20-də biz öz suverenliyimizi bərpa etdik. Yəni, artıq “boz” zonalar yoxdur, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulubdur. Bu, bizim güclü siyasi iradəmizin göstəricisidir. Bu, Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir və bu, yaxşı siqnaldır, – bəziləri hələ də qisasçılıq, revanşist ideyalarla yaşayırlar, – bu, onlara güclü siqnaldır ki, bu fikirlərdən daşınsınlar.
Biz 20 sentyabrda Qarabağdakı Ermənistan ordusuna bəyan etdik: silahlarınızı yerə qoyun və oraları tərk edin. Belə də oldu və bu, baş verdi. Yəni, biz sözümüzə, vədimizə əməl edirik, ona sadiqik. Əminəm ki, Ermənistan hökuməti bu hadisələri düzgün şəkildə təhlil etsə, “Qarabağ Ermənistandır!” bəyanatından sonra – 2019-cu ildə verilən bəyanatdan sonra 20 sentyabradək baş verənləri düzgün təhlil etsə, sülh əlçatandır. Bu, gələcəklə bağlı bizim baxışımızdır. Bu, regionun gələcəyi ilə bağlı baxışımızdır və hesab edirəm, beynəlxalq aktorlar və qonşular görəcəklər ki, bizim münasibətimiz konstruktivdir.
Əziz qonaqlar, hörmətli dostlar, bir daha Şərqi Zəngəzura, Zəngilana xoş gəlmisiniz. Foruma uğurlar arzu edirəm.