Şəhid məzunumuz Elgün Əzizovun şəhadətindən bir il ötür.

Elgün Əzizov 1990-cı il yanvarın 8-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 1996-2007-ci illərdə Q.Baxşıyev adına Bakı şəhər 179 saylı tam orta məktəbdə, 2007-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun (2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Şamaxı filialında Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alıb.

Elgün Əzizov 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Vətənin düşmən əsarətində olması hər zaman onu narahat etmiş və həyatını vətənin müdafiəsinə həsr etmişdir. Belə ki, 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsi altında xidmətə başlayıb.

Vətən müharibəsinə qədər “baş leytenant” hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Elgün Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Elgün Əzizov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Müşfiqabad qəsəbəsində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Əzizov ölümündən sonra “Vətən uğrunda” medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Əzizov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Əzizov ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Ailəli olan şəhidimizin üç övladı bizlərə əmanətdir.

Qeyd edək ki, bu gün ADPU-nun Şamaxı filialının kollektivi şəhidimizin ailəsini ziyarət etdilər.

Ruhu şad olsun!

 

Paylaşın: