Şəhid ailələri və qazilərə qayğı ölkə başçısının daim diqqət mərkəzindədirр.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin prioritet istiqamətlərindən biri Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsinin təmin olunması məsələsidir. Azərbaycanın suverenliyi uğrunda mübarizə aparan, qorxmadan düşmənə meydan oxuyan Azərbaycan oğullarına və onların ailələrinə daim qayğı və diqqət göstərilməsi hər bir azərbaycanlı tərəfində rəğbətlə qarşılanır. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən silsilə fərman və sərəncamlar imzalanır.
Bütün bunların davamı olaraq Prezident İlham Əliyevin bu il yanrın 25-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı dövlət başçısının həmin kateqoriyadan olan əhali qruplarına xüsusi qayğısının növbəti təzahürüdür. Qeyd edək ki, sənəd 2020-ci ildə ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əliliyi müəyyənləşdirilən şəxslərin də yaxın dövrdə mənzil və ya fərdi evlə təminatını nəzərdə tutur.
Sevindirici haldır ki, qısa müddətdə ölkə başçısının sərəncamından irəli gələn işlərin həyata keçirilməsinə başlanılmışdır. Eyni zamanda artıq hazır olan Ramanı kompleksində tikilmiş doqquzmərtəbəli 30 binanın mənzillərinin təqdim olunma mərasimi görülən işlərin böyük sürətlə və yüksək məsuliyyətlə icra olunduğunun göstəricisi oldu. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Qeyd etdiyimiz Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan daha 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək;
Xüsusi vurğulanmalıdır ki, Ramanı qəsəbəsindəki şəhərcikdə olan binaların hamısı müasir standartlara uyğun tikilmişdir. Burada uşaq bağçası, 1200 yerlik məktəb, bir sözlə yaşayış üçün bütün imkanlar var. Müharibədən az bir müddət keçməsinə baxmayaraq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksinin inşa olunması xalqın dövlətinə olan güvənini anbaan artırır, dövlət-xalq birliyini gücləndirir.
Sağlamlıqlarını torpaq uğrunda itirən qazilərimizin də bütün ehtiyaclarının dövlətimiz tərəfindən qarşılanması qarşıda duran vəzifələrdəndir. Ölkə başçısı tərəfindən qazilərə tibbi-psixoloji yardımların göstərilməsi məqsədilə göstərişlərin verilməsi mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilibdir. 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilməsi onların normal həyata dönə bilməsini təmin etmiş oldu.
Fəxrlə deyə bilərik ki, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu şəhid və qazi ailələrinin sosial rifahının təmin edilməsi siyasəti bu gün də uğurla davam etdirilir. Şəhid və qazi ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ümumilikdə bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Bu il isə 3 minə yaxın mənzilin verilməsi planlaşdırılır. Bununla yanaşı, hər iki Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş vətənpərvər zabit və əsgərlərimizin ailələrinə, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.
Ölkədə aparılan uzaqgörən siyasətin nəticəsidir ki, bir çox dövlətlərin həsədlə bəhs etdikləri Vətən müharibəsi dövründə, xüsusilə cənab Prezidentin hər dəfə xalqa müraciətindən sonra Azərbaycan xalqı bir daha haqq-ədalət uğrunda qoşulduğu mübarizənin qələbə ilə bitəcəyinə inanırdı. Dövlətin ordu sıralarında olan zabit və əsgərlərimizə göstərdiyi qayğı isə dövlət-xalq-ordu birliyini daha möhkəmləndirirdi. Bu gün şəhid və qazi ailələrinin həyat şəraitinin yaxşılaşdırılması üçün aparılan bütün islahatlar son illər dövlət siyasətinin əsas prioritet istiqaməti olmuş, xalq dövlət rəhbərliyinin hər bir vətəndaşın yanında olduğunu daima hiss etmişdir. Əminliklə deyə bilərik ki, illərdir ölkədə aparılan düzgün sosial-iqtisadi siyasət Azərbaycanın regionun lider dövlətinə çevrilməsini, siyasi arenalarda və döyüş meydanında qalib olmasını labüd etdi. Əsrlərlə yaddaşlardan silinməyəcək tarix yazıldı.
Digər tərəfdən siravi əsgərimizdən yüksək rütbəli zabitimizə qədər Vətən uğrunda döyüşən hər kəs bu müharibənin ədalətli müharibə olduğunu anlayırdı. Əsgər anaları övladlarını ordu sıralarına yola salarkən “Tez qayıt” deyil, “İntiqamımızı al, oğul” ifadəsini işlətməsində əks olunurdu bu dövlətin böyüklüyü. Bu anaların oğulları təbiidir ki, şəhidlik zirvəsinə yüksəlməyi özləri üçün fəxr hesab edirdilər və gözlərini qırpmadan Üçrəngli bayrağımız uğrunda canlarından keçməyə hazır idilər. Bu mənada da heç bir şəhidimiz, qazimiz, döyüş meydanında şücaət göstərmiş Vətən müharibəsi iştirakçıları dövlətin diqqətindən kənarda qalmadı, minlərlə hərbçimiz sağlığında və ya ölümündən sonra yüksək dövlət orden və medalları ilə təltif edildi.
Yaxın keçmişə baxdığımız zaman görürük ki, bugünkü qalibiyyət illər ərzində dövlət səviyyəsində aparılan böyük hazırlıq işlərinin nəticəsidir. Cənab Prezidentin qeyd etdiyi kimi, son 17 il ərzində ordu qurucluğu sahəsində həyata keçirilən işlər məhz işğal olunmuş ərazilərin geri qaytarılması məqsədini daşıyırdı. Ölkə rəhbərliyi bütün gücünü səfərbər edərək bir çox sahələrdə uğurlu siyasət aparır, həm beynəlxalq münasibətlərdə, həm iqtisadi sahədə böyük işlər görürdü. Eyni zamanda, vətənpərvər gənc nəslin yetişdirilməsi üçün təhsil sahəsində mühüm addımlar atılır, gənclərin bütün sahələrdə aparıcı qüvvəyə çevrilməsinə qayğı göstərilirdi. Bu ardıcıl siyasətin nəticəsidir ki, bu torpaqda böyüyüb boya-başa çatmış hər bir Azərbaycan oğlu dövlətinin ətrafında birləşərək bir yumruq kimi düşmənə əsrlərlə unuda bilməyəcəyi bir zərbə endirdi. İllər keçsə də rəşadətli ordumuzun “44 günlük qəhrəmanlıq səlnaməsi” hər bir Azərbaycanlı, xüsusilə də yetişən nəsil üçün nümunə olacaqdır. Pedaqoji fəaliyyətə başlayan hər bir gənc müəllim şagirdlərini məhz bu ruhda yetişdirəcəkdir.
Zəfər müharibəsi dövründə Azərbaycan dövlətinin qarşı tərəfi sülhə dəvət etməsi isə daha mühüm bir prioritetin, humanizmin, tolerantlığın təcəssümü idi. Təəssüflər olsun ki, Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları bu müharibənin sülh yolu ilə həllini mümkünsüz etdi. İllərdir bu münaqişənin həlli ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən ölkələrin əksinə olaraq, Azərbaycan xalqı anlayırdı ki, münaqişənin sülh yolu ilə həlli olsaydı 30 il ərzində bu məsələ həll olunardı.
Bu bir həqiqətdir ki, müxtəlif səbəblərdən yalnız Vətən müharibəsi dövründə deyil, münaqişənin sülh yolu ilə həllini səbrlə gözlədiyi dövrlərdə də Azərbaycan aparılan ikili siyasətə qarşı mübarizə aparmağa məcbur olub. Deməli biz güclü bir xalq olaraq, bu qələbəni təkcə Ermənistan üzərində deyil, bizə qarşı mütəşəkkil şəkildə birləşmiş qüvvələrə qarşı da əldə etməyi bacardıq. Azərbaycan xalqı tarixi torpaqlarına qayıdışı ilə heç bir təmənnasız Ermənistan ordusunu gücləndirən, mənfur düşməni silahlandıran qüvvələrə də öz sözünü demiş oldu. Təbii haldır ki, belə qüvvələr hər zaman mövcud olub və olacaqdır. Bütün bunlarla yanaşı Azərbaycan xalqı onun ərazi bütövlüyünün pozulmasında gizli imzası olan “sapı özümüzdən olan baltalar”ı da unutmayacaqdır. Odur ki, rəşadətli Azərbaycan ordusunun Cənab Ali Baş Komandanın rəhbərlyi altında daha da gücləndirilməsi, müasir silahlarla təchiz olunması daima diqqət mərkəzində saxlanacaq, regionun iqtisai-siyasi həyatında mühüm rol oynayan dövlət statusunu qoruyacaqdır. Ordu quruculuğu ilə yanaşı, həm işğaldan azad olunmuş ərazilərimizdə, həm də müharibə dövründə zərər görmüş Gəncə, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli kimi rayonlarımızda yenidənqurma işləri aparılacaqdır. Bir sözlə, işğalçı Ermənistanın iqtisadi tənəzzül yaşayacağı növbəti illərdə çoxəsrlik dövlətçilik təcrübəsinə malik Azərbaycan Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində gündən-günə çiçəklənəcək, inkişaf edəcəkdir.
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın Cənab Prezident İlham Əliyev!
Var olsun Rəşadətli Ordumuz!
ADPU-nun Şamaxı Filialının direktoru, dosent Tünzalə Yusifova