Qüdrətli Azərbaycan Ordusunun parlaq qələbəsi
Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan 100 yaşlı Azərbaycan Ordusunun həm silah arsenalı, həm də maddi-texniki bazası genişlənir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daha da yüksəlir.
Əgər 1993-cü ildə Azərbaycan Ordusunun ilkin formalaşmasından söhbət gedirdisə, artıq bu gün regionun ən güclü silahlı qüvvəsi məhz Azərbaycan Ordusudur. Bu, Heydər Əliyevin ordu quruculuğu ilə bağlı dahiyanə, düşünülmüş siyasi xəttinin və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsinin nəticəsidir. Hər bir xalqı dünyada tanıdan, məşhurlaşdıran, aparıcı söz sahibinə çevirən amillərdən biri də onun ordusu, silahlı qüvvələridir. Tarixən hər bir millət ordusuna güvənib, onu milli qürur və fəxarət ünvanı sayıb. Qüdrətli ordusu olan dövlət nəinki maraq və mənafeyini layiqincə qoruya bilib, eyni zamanda, dünya siyasətinə əsaslı təsir imkanları əldə edib. Bəli, güclü dövlətin təməl prinsiplərindən biri qüdrətli ordunun mövcudluğudur. Qüdrətli Azərbaycan Ordusunun olması hər bir Azərbaycan vətəndaşının arzusu idi. Artıq bu arzu deyil, reallıqdır!
Ordumuzun qüdrəti hələ Aprel döyüşlərindən özünü büruzə verdi. Sözsüz ki, ilk növbədə bu döyüşlər xalqın orduya inamını bir daha təsdiqlədi. Xalq və ordu arasındakı münasibət yeni mərhələyə qədəm qoydu. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Cəmi bir neçə gün davam etməsinə baxmayaraq Aprel döyüşlərinin nəticəsi ölkəmiz üçün olduqca əhəmiyyətli oldu. Aprel döyüşləri Qarabağın işğaldan azad edilməsi üçün başlayacaq Vətən müharibəsinin başlanğıcı oldu.
Cəmi 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində nizami ordumuz tərəfindən faşist və terrorist Ermənistanın demək olar ki, əksər cinayətkar silahlı quldur dəstələri darmadağın oldu, düşmənin texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun rəşadəti, xalq-iqtidar birliyi məğlubedilməz erməni mifini darmadağın edərək Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. Ağır məğlubiyyətə uğrayan Ermənistan rəzil və miskincəsinə təslim oldu, 10 noyabr bəyanatına imza atmaqla, öz məğlubiyyətini etiraf etdi.
Artıq Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Erməni tərəfinin biabırçı məğlubiyəti haqqında hər gün yeni faktlar acıqlanır. Azərbaycanın 400 nəfərlik rəşadətli döyüşçüləri Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissələrini qaçmağa məcbur etmişdir. Rəşadətli ordumuzun təbii coğrafi istehkam olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan alması böyük peşəkarlıq, rəşadət rəmzidir. Qəhrəman Azərbaycan əsgərləri kiçik qüvvə ilə Zəngilanı azad etmişdir. Cəbrayılda erməni zabitləri öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deyərək qaçmışlar. Hadrutda 30 nəfərlik xüsusi təyinatlı dəstəmiz 1500 nəfər erməni muzdlusunu qaçmağa məcbur etmişdir. Unudulmaz faktlardan biri də o oldu ki, Azərbaycan əsgəri yaralı döyüş yoldaşlarını çiynində daşıdığı halda ermənilər yaşlı qocaları da qoyub qaçmışlar. Əslində Ordumuzun gücü yalnız onun texniki təchizatı ilə deyil, həm də birlik və vətənpərvərlik ruhu ilə də ölçülür.
Bu gün Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Hər bir vətəndaşımız da rahat, sabitlik şəraitində yaşayır və Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Azərbaycan xalqının öz ordusunu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında dövlət-xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.
Ümumiyətlə, müharibə 44 gündən çox davam etsəydi, düşmənin vəziyyəti daha çox acınacaqlı olacaq, tamamilə ordusunu itirəcəkdii. Bundan sonra onlar çətin özlərinə gəlsinlər. Müharibə dövründə onlar pilotsuz uçuş aparatını ala bilərdilər, ancaq pilotsuz uçuş aparatını biz özümüz istehsal edirik. Bu silahlar müharibədə öz qüdrətini göstərdi. Hərbi ekspertlərdən Rob Leenin fikrincə, erməni tərəfi çox güman ki, pilotsuz aparatların zərbələrindən ciddi itkilərə məruz qaldı. Digər hərbi ekspert olan Viktor Murakovskinin dediyi kimi, pilotsuz təyyarələrin döyüş meydanında yeni bir silah növü olmasına baxmayaraq, Azərbaycan ordusu bundan çox fəal şəkildə istifadə etdi və nəticədə düşmən tərəf bu silahla mübarizə para biləcək üsullar tapa bilmədi. Döyuş zamanı pilotsuz aparatların məhv etdiyi hədəflər arasında əsasən hərbi texnika, daha çox hallarda anbarlar və hərbi personal oldu, daha sonra hücuma məruz qalan obyektlər arasında OSA və STRELA-10 zenit raket sistemləri də oldu. Bunun nəticəsi olaraq Ermənistan hava hücumundan müdafiə qüvvələrinin kifayət qədər zərər çəkdiyi məlum oldu.
Azərbaycan ordusunda qələbənin əldə olunmasını təmin edən şərtlərdən biri də strateji planlaşdırılma modelinin yaradılması idi. Döyüşlərin hərbi plan üzrə hansı istiqəmətdə və hansı taktiki döyüş texnikası ilə həyata keçirilməsi qabaqcadan müəyyənləşdirilmişdir. Müharibə dövründə düşmənlər tərəfindən qurulmuş uzun müddədli istehkamlar və kəskin dağliq relyefi döyüşün gedişinə çətinlik törədə bilərdi. Bütün bu çətinliklərin dəf edilməsi strateji planın tərkib hissəsinə daxil edilmişdir. Azərbaycan Ordusunun gələcəyi müqaviləli ordudur. Bu döyüş həmdə onu göstırdi ki, müqaviləli ordusu olan ölkə digər formada olan ordudan qat-qat üstündur. Çünki burada peşəkarlıq məsələsi var.
Xüsusi vurğulanmalıdır ki, döyüşün gedişində xüsusi təyinatlılar çox böyük qəhramanlıq göstərdi. Illər ötdükcə onların qəhrəmanlığına, peşakarlığına qiymət verəcək tədqiqatlar ortaya çıxacaq. Tam əminliklə deyə bilərik ki, son 17 il ərzində cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində həyata keçirilən siyasət, ordunun döyüş ruhunun artırılması və texniki təminat baxımından gücləndirilməsi sahəsində atılan addımlar, xalqın dövlətə, ölkə başçısına olan inamı əkshücüm əməliyyatl ilə başlayan Vətən müharibəsinin qələbə ilə sonlanmasını labüd etdi. Azərbaycan ordusu bizi qələbəyə çatdırdı. Belə bir qəhrəman ordu hər zaman ərazi bütövlüyümüzü qorumaq əzmindədir və artıq buna kimsənin şübhəsi ola bilməz. Nə qədər ki, Rəşadətli Azərbaycan Ordusu var, Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.
ADPU-nun Şamaxı filialı Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Abdullayev Babək