QƏLƏBƏNİ BİZƏ YAŞADANLARI YAŞAT!
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr fərmanı ilə, “YAŞAT” fondu yaradıldı. Fondun əsas məqsədi, şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə dəstək məqsədi ilə yaradılmışdır. Bundan əlavə işğaldan azad edilmiş erazilərdə xidməti vəzifəsini həyata keçirərkən hərbi əməliyyatlar bitdikdən sonra, onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə lazımı köməkliklər göstərilməsi də nəzərdə tutulmuşdur. Fondun vəsaiti müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə, təhsil alınmasına, peşə hazırlığının artırılmasına, məişət şəraitinin yaxşılaşdırılmasına və s. vacib işlərin həyata keçirilməsinə xidmət etmək məqsədi daşıyır. ASAN xidmət əməkdaşlarından və könüllülərdən ibarət quruplar da bu istiqamətdə öz işlərini qurmuşlar.
“YAŞAT” fonduna ianələr edilməsi ilə bağlı vəzifəsindən, yaşından, tutduğu mövqeyindən asılı olmayaraq hər bir şəxs milli birlik və həmrəylik göstərir. Qısa müddət ərzində qazi və şəhid ailələrinə yardımların göstərilməsi xalqımızın birliyini nümayiş etdirdi. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictiamiyyətə təqdim edilir. “YAŞAT” fondundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2021- ci il 4 yanvar tarixli fərmanı ilə, Qarabağ Dirçəliş Fondu yaradıldı ki, bu da Azərbaycan xalqının böyük Zəfərlə azad etdiyi ərazilərinə, xalqımızın milli-mənəvi birliyinin, vətənə, torpağa, yurda sevgisini daha da artıracaq. Bu fondun yaradılması nəticəsində, ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək.
Qeyd edək ki, mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı, Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlərin görülməsi məqsədi ilə Dövlət Komitəsi yaradılıb. Zərər çəkmiş mülkü əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi istiqamətində də mühüm işlər görülməkdədir. Bu da onun göstərir ki, dövlət siyasətinin mərkəzində məhz vətəndaş məmnuniyyəti dayanır.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradılması bu işin daha da sürətlənməsinə çox böyük təkan verəcəkdir.
Dövlət xidmətinin əlçatanlıqı, vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddətdə həllini tapmasına xidmət edəcəkdir.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya vətən müharibəsində iştirak etmiş hərbiçinin, müraciətinə vaxtında reaksiya verəcək və həll olunması üzrə müvafiq tədbirlər görüləcək. Komissiyanın fəaliyyətində şəffaflıq da nəzərə alınır. Səfərbərlikdən təxris edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması prosesində kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədilə media nümayəndələrinin iştirakı buna parlaq nümunədir.
Nazirlər Kabinetinin 2021- ci il 30 yanvar tarixli 24 saylı qərarına əsasən, vətən müharibəsi iştirakçılarına “Müharibə Veteranı” adının verilməsi işinin təşkili üzrə komissiya yaradılmışdır. Komissiyaya daxil olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyinin Tibbi Baş İdarəsi, habelə İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin rəhbərliyinin birgə fəaliyyəti bu işdə şəffaflığın olmasına xidmət edəcəkdir. Bundan əlavə hərbi əməliyyatda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətli və əlaqəli şəkildə psixoloji yardım göstəriməsi məqsədi ilə komissiya yaradılmışdır.
Şəhid ailələri və qazilərimizin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuş və olmaqdadır.
Mərkəzi Bank şəhid olan və müxtəlif dərəcəli xəsarət almış hərbi qulluqçulara və ya onların vərəsələrinə sığorta ödənilməsinin operativliyini təmin etmək üçün müvafiq dövlət qurumları ilə əməkdaşlığa başlamışlar. AzSığorta şirkəti şəhid, əlillik, digər ağır və yüngül xəsarətinə görə sığorta ödənilməsinin təmil edilməsi istiqamətində xeyli işlər görmüşlər.
Hazırda ölkədə aparılan saysız-hesabsız işlər tariximizin şanlı səhifələrinin yazılmasında əməyi olan hər bir vətəndaşın diqqət mərkəzində saxlandığının göstəricisidir. Azərbaycan dövləti və xalqı unutmur və unutmayacaq ki, TARİXİ QƏLƏBƏ şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə, Ali Baş Komandanın dəmir yumruğu ilə savaş meydanında qazanılmışdır.
ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ !
QARABAĞ AZƏRBAYCANDIR !
Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Sahib Cəbrayılov.