“Öyrənməyi öyrənmək və öyrətmək” mövzusunda psixoloji təlim
ADPU Şamaxı filialının Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru İlhamə Sultanovanın təşkil etdiyi “Öyrənməyi öyrənmək və öyrətmək” adlı seminarda ilk öncə beyin yarımkürələrinin öyrənmədə oynadığı rol açıqlandı. Qeyd olundu ki, bəzi insanlar daha çox sağ, bəziləri isə sol beyin yarımkürələri ilə daha fəal öyrənirlər. Lakin hər iki halda biz beynimizin tam gücündən istifadə etmirik. Həmçinin beynin hansı hissəsinin hansı növ zehni fəaliyyətiləri idarə etməsi haqqında məlumat verildi. Sol və ya sağ beynin dominantlıq səviyyəsini ortaya çıxarmaq üçün psixoloji testlər keçirildi. Tədbir iştirakçıları beyin yarımkürələrini inkişaf etdirməyin metodları ilə tanış edildi. Beynin fizioloji quruluşu ilə əlaqədar isə kafedranın baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Təranə Əkbəri məlumat verdi.
Təhsildə sosial-psixoloji xidmət ixtisasının birinci kurs tələbələrinin İlhamə xanımın müəllifi olduğu “Sehirli Məkan” adlı psixoloji şeiri əsasında hazırladıqları səhnə böyük maraqla qarşılandı.
Seminar “Həyat” adlı təqdimatla sona çatdı.