Müstəqil Azərbaycan Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı abidədir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı, Şamaxı rayon Heydər Əliyev Mərkəzi və YAP Şamaxı rayon Gənclər Birliyi ilə birgə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə “Müstəqil Azərbaycan Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı abidədir” adlı videokonfrans keçirildi. Konfransda Milli Məclisin Şamaxı rayonu üzrə deputatı Tamam xanım Cəfərova, ADPU-nun Şamaxı filialının professor-müəllim heyəti və tələbələri, İsmayıllı RMİ- nin rəis müavini Azər Abbasov, YAP Şamaxı rayon Gənclər birliyinin üzvləri, Şamaxı Gənclər və İdman İdarəsinin əməkdaşları, rayonun təhsil, mədəniyyət işçiləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova açaraq müstəqil Azərbaycanın qurucusu, memarı Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışdı.
Deputat Tamam Cəfərova çıxışında bildirdi ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövr Azərbaycan xalqı üçün çətin sınaqların, böyük böhranın yaşandığı dövr olub və onun sovet Azərbaycanına rəhbərlik etdiyi illər ölkə həyatında yeni bir intibah mərhələsinin başlanğıcı idi.
Sonra çıxış eden rayon Ağsaqqallar Şurasının sədri, ADPU-nun Şamaxı filialının Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alcanov bildirdi ki, Heydər Əliyev rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, xalqın adət ənənələrinin zənginləşdirilməsinə böyük töhfələr verib.
ADPU-nun Şamaxı filialın direktoru, dosent Tünzalə Yusifova çıxışında ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına böyük qayğısından danışdı. O, bildirdi ki, dahi rəhbərin təhsil sahəsi ilə bağlı imzaladığı mühüm fərman və sərəncamların bu sahənin inkişafında xüsusi rolu olub. Heydər Əliyevin ideyaları bu gün cənab prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir.
Daha sonra çıxış edən İsmayıllı RMİ-nin Şamaxı rayon üzrə baş məsləhətçisi Rəfael Tağızadə Ulu öndər Heydər Əliyevin Şamaxı səfərlərindən, YAP gənclər birliyinin sədri Nuranə Məmmədova gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açdılar.