Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova

Laçın xalqımızın qədim yaşayış məskənlərindəndir. Bu yurdun sakinləri ana Həkərinin laylasıyla böyümüş, yalçın qayaların dəyanətindən dərs almışlar. Laçın təbiətinin nadir gözəlliyi, şəfalı havası, uca qayaların qoynundan süzülüb gələn bulaqların şərbət suyu həmişə bu yerlərin tamaşasına gələnlərin diqqətini cəlb edib. Bu cənnət guşə mənfur düşmənin də diqqətini cəlb edib ki, 1992-ci ildə Laçını işğal etmələrini bayram kimi qeyd ediblər. Lakin biz heç vaxt ümidimizi itirməmişdik. 1993-cü ildə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra laçınlıların, həmçinin bütün azərbaycanlılar qəlbində ümid çırağı parladı, belə qənaətə gəldilər ki, heç vaxt Laçıntək incini itirməyəcək, günlərin bir günündə Laçın tək bir cənnət guşə işğaldan azad olunacaq, o yerlərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq.

Laçın heç vaxt düşmən tapdağında qala bilməzdi.

30 ilə yaxın işğal altında qalmış əzəli və tarixi torpaqlarımız 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu, şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

Növbəti mərhələdə işğaldan azad olunmuş ərazilər Azərbaycan ordusunun tam nəzarətinə keçdi və bərpa qurculuq işləri başladı. 2023-cü ildə isə cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən hər il azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunmağa başladı. Həmin ildən 26 avqust Laçın şəhəri günü kimi tarixə düşdü.

Tarixə nəzər salsaq, Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir;

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də mənfur qonşularımız tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

Sirr deyil ki, Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü.

Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm də hər birmiz üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.

Lakin. Vətən müharibəsində əldə etdiyimiz qələbə tarixi ədalətin təntənəsi oldu və 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Bu gün Laçında bərpa-quruculuq işləri geniş vüsət almışdır. 2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlıdır. Yeni yolun üzərində cəmi 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir. Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Bu sahədə işlərin 2025-ci ildə yekunlaması planlaşdırılır. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Ən müasir səviyyədə inşa olunacaq mehmanxanada rayona səfərə gələnlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Beləliklə, gözəl Laçınımız qısa müddətdə tarixi əhəmiyyətini bərpa etməklə yanaşı, turistlərin də sevimli məkanına da çevriləcəkdir.

 

 

 

 

Paylaşın: