Dağlıq Şirvan Regional Təhsil İdarəsi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Şamaxı şəhər 2 saylı tam orta məktəbdə “İnklüzivliyə doğru növbəti addım” adlı elmi-praktik konfrans keçirildi.
Konfransda Dağlıq Şirvan RTİ-nin müdiri Rövşən Əliyev, Bakı Slavyan Universitetinin prorektorları və müəllimləri, ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova, sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova, tədris şöbənin müdiri Fəxrəddin Məmmədov, Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham Vəliyev, Regional İdarənin əməkdaşları, məktəb direktorları, direktor müavinləri, psixoloq və ibtidai sinif müəllimləri iştirak edirdilər.
Konfransda çıxış edənlər “İnklüziv təhsil nədir?” mövzusunda geniş müzakirə apardılar.
ADPU-nun Şamaxı filialını direktoru dosent Tünzalə Yusifova “İnklüziv təhsil: reallıqlar və perspektivlər” mövzusunda çıxış etdi. O qeyd etdi ki, bu gün dünya təhsil məkanına sürətlə inteqrasiya edən Azərbaycanda da inklüziv təhsil böyük rəğbətlə qarşılanır. Bu da səbəbsiz deyil. Belə ki, inklüziv təhsil mahiyyət etibarilə dərin tarixi köklərə malik tolerantlıq ənənələri ilə uzlaşan milli bir məfhumdur. Xüsusi vurğulamalıyıq ki, daim milli dəyərlərə önəm verən Ümummilli lider Heydər Əliyevin müxtəlif din və mədəniyyətlərə tolerant münasibəti onun həyat və fəaliyyətində həmişə özünü biruzə vermişdir. Ulu öndər ideyaları əsasında bütün sahələrə sirayət edən tolerantlıq bu gün inklüziya anlayışı vasitəsilə təhsil sahəsində də özünəməxsus yer tutur.
Daha sonra Bakı Slavyan Universitetinin müəllimləri tərəfindən “İnklüziv təhsil və ümumtəhsil məktəblərində tədrisi” haqqında konfrans iştirakçılarına məlumat verildi.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.